İstehlakçıların çaşdırılması hallarının qarşısı alınır. Bu barədə Lent. az-a Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.
Xidmət tərəfindən Bakı şəhəri, Əhmədli prospektində yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilib. Belə ki, normativ-texniki sənədlərin tələblərinə əsasən halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər. Lakin yoxlama zamanı müəssisədə "Ocaq" və "İveriya" adlı "Halal" sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilib.
Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus "Best Beef" əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub.
Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilib.
Araşdırma davam etdirilir.