İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Prof. Mişel Kazaçkini qəbul edib.
Ombudsman Aparatından Lent.az-a bildirilib ki, görüşün məqsədi dərmana dayanıqlı vərəm və hepatit xəstəliklərinin yayılmasının qarşısının alınması sahəsində ölkəmizdə əldə olunan tərəqqi və mövcud çətinliklər ilə bağlı, həmçinin BMT və beynəlxalq ictimaiyyət tərəfindən bu sahədə ölkəmizə göstərilə biləcək dəstəyin müzakirə edilməsindən ibarət olub.
Xəstəliklərin müalicəsi sahəsində ölkədə görülən işlərdən danışan müvəkkil öz təşəbbüsü və ümumi redaktəsilə ilə hazırlanan “İİV/QİÇS-dən qorunma üsulları”nı və “İİV/QİÇS-li insanların ayrı-seçkilikdən müdafiəsi”ni təbliğ edən plakatların əyani vəsait kimi iştirakçılara paylanıldığını, televiziya və radio verilişlərində bu virusdan əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işinin aparıldığını vurğulayıb.
Müvəkkil mütləq şəkildə əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu, bu xəstəliyin kökündə bəzən məişət zorakılığı hallarının da olduğunu söyləyərək, gender bərabərliyi, qadınlara qarşı zorakılığın yolverilməzliyinə, həmçinin bunların nəticəsi olan erkən evliliklər, cinsi yolla yoluxan xəstəliklər, İİV/QİÇS və narkomaniya problemlərinə kompleks şəkildə yanaşmaqla reproduktiv sağlamlığa nail olunmağın zəruriliyini diqqətə çatdırıb.
Prof. Mişel Kazaçkin dünya miqyasında son illər QİÇS-dən ölən şəxslərinin sayında 40% azalma müşahidə edildiyini, bununla belə son 3 ildə post-sovet ölkələri də daxil olmaqla bu azalma reytinqinin stabilləşdiyini diqqətə çatdırıb.
Qonaq Azərbaycana səfəri çərçivəsində əhalinin daha çox köməyə ehtiyacı olan təbəqələrinin QİÇS, vərəm və hepatit epidemiyalarına qarşı profilaktika, müalicə və qayğı ilə daha yaxşı təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən epidemiyanın yayılmamasına nəzarət olunması, qiymətləndirilməsi və ona qarşı preventiv tədbirlərin görülməsi barədə zəruri məlumatlar əldə etdiyini və bu sahədə dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyətinin vacibliyini ifadə edib.