Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda vətəndaşlarla görüşüb. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Görüşdə Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak edib.
Qəbula gələn bütün vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Müraciətlər əsasən, bərpa-müalicə və istirahət mərkəzlərinə yollayışla, ayrı-ayrı Böyük Vətən müharibəsi (BVM), Çernobıl əlillərinin minik avtomobili ilə təmin olunması, əlilliyi olan şəxslərin peşə hazırlığına cəlb edilməsi, mənzil növbəsinə dayanma, işlə təmin olunma və s. məsələləri əhatə edib. Ümumilikdə müraciətlər arasında ünvanlı dövlət sosial yardımla bağlı müraciətlər azlıq təşkil edib. S.Müslümov vətəndaşların qeyd olunan təminat növləri ilə təmin olunmaq hüququnun araşdırılaraq qısa müddətdə müvafiq işlər aparılması barədə tapşırıq verib. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb. Mənzil növbəsinə yazılmaq istəyən şəxslərə bunun üçün müvafiq icra hakimiyyətlərinə müraciət etmələrini tövsiyə edən S. Müslümov fərdi ev tikintisi üçün növbədə dayanmış bütün əlilliyi olan şəxslər üçün nazirliyin rəsmi saytındakı (www.mlspp.gov.az) müvafiq növbəlilik siyahısı üzrə yaşadıqları ərazilərdə fərdi ev tikiləcəyini bildirib.
Nazir həmçinin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaq barədə müraciətlərin yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsi, əlillik qrupu almaq istəyən şəxslərin Tibbi-sosial ekspert komissiyasında əyani əlillik müayinəsinə cəlb olunması ilə bağlı nazirliyin aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar verib.