Səlim Müslümov Qarabağ qaziləri ilə görüşüb
31 yanvar 2014 17:06 (UTC +04:00)

Səlim Müslümov Qarabağ qaziləri ilə görüşüb

Yanvarın 31-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov «Vətən Əlilləri» İctimai Birliyinin sədri Firudin Məmmədovu, «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədovu və Birliyin üzvləri Rey Kərimoğlunu, Rizvan Vəliyevi və Yaşar Həziyevi qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, S. Müslümov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsinin daim prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb, Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısının daim artmaqda olduğunu deyib.

 

S.Müslümov həmçinin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu xidmətlərdən istifadədə nöqsan və çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması  istiqamətində işlərin aparıldığını deyib.

 

E.Əsədov görüş iştirakçıları adından Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. Nazir nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verib.

 

 

 

Görüş iştirakçıları bu təbəqədən olan insanların həyatda rastlaşdıqları problemlərin həllinin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid olmadığını bildirərək, həmin problemlərin kompleks şəkildə həlli ilə məşğul olmaq üçün nazirliyin yanında ayrı-ayrı dövlət qurumlarının təmsil olunduğu komissiyanın yaradılması təklifini irəli sürüblər. Təklif müsbət dəyərləndirilib və reallaşdırılması üçün müvafiq addımların atılacağı bildirilib.

 

İctimai Birliklərin üzvləri son zamanlar Qarabağ müharibəsi əlili adından sui-istifadə hallarını pisləyərək, belə halların hər hansı problemin həllinə deyil, əslində cəmiyyətdə ajiotaj yaratmağa yönəldiyini ifadə ediblər.

 

Qeyd edək ki, nazir üç ayda ictimai birliklərlə 8 dəfə görüş keçirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032
avatar

Oxşar yazılar