“Dövlət başçısı mənə ciddi və təcili tapşırıq verib, bu sahədə şəffaflıq yaradılmalıdr”
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işdən çıxardığı Tibbi Sosial Ekspert Komissiyalarının (daha çox VTEK adı ilə tanınır) sədrlərinin onların himayədarlarının təzyiqi altında yenidən işə bərpa etməyi ilə bağlı iddialara cavab verib. Lent.az-ın “Yeni Müsavat"a istinadən xəbərinə görə, nazir deyib ki, artıq nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı press-reliz yayıb: “Biz də gördük ki, ağızlarına gələni yazırlar. Kimə nə təzyiq oluna bilər? Nə qəribə şeydir bu? Heç kim bununla bağlı məndən nəsə xahiş də etməyib”.
Nazir bu söz-söhbətlərin bədxahları tərəfindən yayılması ehtimalını istisna etməyib: “Ola bilər, hər şey mümkündür. Kim nə yayır yaysın. Cənab prezidentin tapşırığı var ki, bu sahədə şəffaf və təmiz mühit olmalıdır. Mənə ciddi və təcili tapşırıq verib. Yəni nə edirsən et, kimi istəyirsən dəyiş, amma orda təcili şəffaflığı təmin elə. Məni bu vəzifəyə təyin edəndə dövlət başçısının verdiyi tövsiyələrin içərisində əsas bu olub ki, nazirlik şəffaf və təmiz olmalıdır. Birinci növbədə də mənə əsasən bu sahələrlə bağlı şikayətlər gəlir. Mənə də heç kim təzyiq-filan eləmir və eləyə də bilməz. Çünki dövlətin başçısının tapşırığı, iradəsi olan yerdə kim nə təzyiq edə bilər?!”.
Nazir bəyan edib ki, ünvanlı sosial yardım sistemi tam şəkildə avtomatlaşmalıdır: “Dünya Bankının, digər təşkilatların, bizim və kənardakı mütəxəssislərin iştirakı ilə ünvanlı sosial yardımın necə dəyişdirilməsi ilə bağlı müzakirə oldu. Bunu necə dəyişək ki, məmurlardan, çinovniklərdən asılı heç nə olmasın. Şəffaflıq necə yaradıla bilər? Elə bir sistem olmalıdır ki, məmurdan heç nə asılı olmasın. Yəni, insanların müraciətləri avtomatik qeydiyyatdan keçməlidir. Ondan sonra onların müraciəti əsasında yoxlamaları elə adamlar aparmalıdırlar ki, regional mərkəzlər və şəxslərin yardımı olmasın. Belə fikirlər səsləndi. Yəni onlar heç o adamları tanımasın, adicə o formaları aparıb doldurtdursunlar, sonra da o mərkəz həmin formalara baxsın, ayrı-ayrı orqanların məlumatları əsasında bunu ümumiləşdirsin, ya razılıq, ya da rədd cavabı versin. Bu zaman da məmurlarla insanların kontaktının heç bir əhəmiyyəti olmaz. Ya da heç bir kontakt olmaz. Bayaqdan tədbirdə 2 saat yarımdır ki, beyin fırtınası yolu ilə müzakirələr aparırdıq. Nəticədə ortaya belə bir mənzərə çıxdı. İndi onun ilk konturlarını da mən sizə dedim. Yəqin ki, belə bir şey tətbiq olunacaq. Hələlik belə bir şey formalaşdı. İndi bizim mütəxəssislər onu işləyib, hazırlayıb verəcəklər.