“Ölkədə 183 196 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır”. Lent.az-ın məlumatına görə, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov Səhiyyə Nazirliyinin saytında “onlayn konfrans” vasitəsilə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, qeydiyyatda olan şəkərli diabet xəstələri 0-18 yaş qruplu uşaqlar, 19-30 yaş, 31-40 yaş, 41-50 yaş və 51 yaşdan yuxarı kimi təsnif olunur:
”Ümumdünya Diabet Federasiyasının məlumatına əsasən, dünya üzrə 221 ölkə içərisində Azərbaycan bu xəstəliyin yayılmasına görə 127-ci yerdədir. Ölüm halları şəkərli diabetin fəsadları nəticəsində olur. Şəkərli diabet xəstələri arasında ölüm halları 2158 nəfərdə olub ki, bunların da 1148 nəfəri qadındır. Hazırda ölkədə hər bir qeydiyyata düşən diabet xəstəsi pulsuz şəkərsalıcı preparat və özünənəzarət vasitəsi ilə təmin olunur. Bundan başqa, təlim məktəbləri yaradılıb ki, xəstələr daim öz xəstəlikləri barədə maarifləndirilsinlər. Respublika Endokrinoloji Mərkəzin həkim kollektivi vaxtaşırı regionlarda maarifləndirici tədbirlər görür, müayinələr aparırlar”.
Şəkər xəstəliyinin qarşısının necə almağın mümkün olmasına gəlincə, mərkəz direktoru vurğulayıb ki, 2-ci tip şəkərli diabet xəstəliyi autoimmun xəstəliklərə aid edilir və səbəbində əsasən irsi faktor durur: “Lakin bir sıra digər səbəblər də var ki, xəstəliyin yaranmasına bilavasitə təkan verir. Həmin səbəblərdən artıq çəki, stress, qorxu, həyəcan, qeyri-sağlam həyat tərzi, siqaret və alkoqolu göstərmək olar. 1-ci tip şəkərli diabet xəstəliyi isə əsasən uşaqlarda və gənclərdə yaranır və bunun səbəbləri hələ ki, elmə məlum deyil, lakin soyuqdəymə, virus xəstəliyi yaranmasına təkan verir. Xəstəlikdən qorunmaq üçün yuxarıda sadalanan səbəblərdən qorunmaq lazımdır, əgər irsiyyətdə şəkərli diabet xəstəliyi varsa, mütəmadi olaraq qanda şəkərin səviyyəsi yoxlanılmalıdır”.