2014-2018-ci illər ərzində Səhiyyə Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsi üzrə klinik protokollar və metodik sənədlər hazırlanacaq.
Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Səhiyyə Nazirliyi mütəmadi olaraq perinatal diaqnostika üzrə klinik protokolların hazırlanması və antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün müvafiq təlimlərin keçirilməsini təşkil edəcək.
2014-2015-ci illər ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda anadangəlmə patologiyaların profilaktikası məqsədi ilə preimplantasion və tibbi-genetik müayinələr təşkil olunacaq. Eyni zamanda Səhiyyə Nazirliyi mütəmadi olaraq yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinənin (skrininqlərin) aparılmasını təmin etməlidir.
Dövlət Proqramına əsasən, ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sistemi yaradılacaq. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən 2014-2015-ci illərdə hamilə qadınların vahid elektron registrinin və reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması təmin ediləcək. Səhiyyə Nazirliyi davamlı olaraq doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsini təşkil edəcək. Uşaqlar arasında xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi, onların sağlamlığının yaxşılaşdırılması məqsədi ilə dispanserizasiyanın həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi də Səhiyyə Nazirliyinə tapşırılıb.