Şəhid gizirin anası: "Vətəni ürəyi istədiyi kimi qorudu" - REPORTAJ
09 dekabr 2016 11:49 (UTC +04:00)

Şəhid gizirin anası: "Vətəni ürəyi istədiyi kimi qorudu" - REPORTAJ

Bu ilin aprelində milli ordumuzun erməni qəsbkarlarına layiqli cavab verdiyi əməliyyatlar zamanı düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olan oğullarımızın xatirəsi hər bir Azərbaycanlının qəlbində yaşayacaq. Belə oğullardan biri də cəbhənin Talış kəndi istiqamətində vuruşlarda  Vətən torpağının bütövlüyü uğrunda canından keçən Bəxtiyar Hüseynovdur.

 

Milli Ordumuzun 21 yaşlı şəhid giziri Bəxtiyar Hüseynov Goranboyun Qızılhacılı kəndində doğulub, yaşayıb və bu yurdda da torpağa tapşırılıb. O, xüsusi təyinatlı hərbçi kimi cəbhənin ən qaynar nöqtələrindən birində, Goranboy istiqamətində Talış kəndi yaxınlığındakı mövqelərin azad olunması uğrunda döyüşdə şücaətlə vuruşaraq aprel ayının 9-da Vətən uğrunda canından keçib.

 

Bu, onun əlaçı və nümunəvi şagird kimi orta təhsil aldığı Qızılhacılı kənd orta məktəbidir. Məktəbin direktor müavini Həvayət Həsənova deyir ki, Bəxtiyarın xatirəsi hamı üçün əzizdir: "Çox hörmətli uşaq olub o. Məktəbdə onun adına guşə hazırlanır. Bu yaxınlarda guşənin açılışı olmalıdır”.

 

Şəhidin doğulduğu və yaşadığı evin qarşısında bu küçənin onun adını daşıdığı haqda metal lövhə vurulub. İgid əsgərimizin yaxınları bildirirlər ki, təkcə onlar yox, bütün həmkəndliləri bu ocağı əziz tutur, xüsusilə Bəxtiyarın dostlarının, digər gənclərin onun həyat və döyüş yolu yaxından tanış olmaq üçün bu evə tez-tez gəldiklərini vurğulayırlar. Bu, müəyyən təsəlli olsa da, əlbəttə, ana ürəyinin nə çəkdiyini yalnız onun özü bilir: “Bəxtiyar həqiqətən qorxmaz oğlan idi. Öhdəsinə düşən işin öhdəsindən gəlirdi. Çətinliklərin heç birindən qorxmurdu. İstəyirdi ki, üzərinə düşən işi layiqincə yerinə yetirsin. Ona görə də getdi bu sənətə. Sevə-sevə getdi. Onu heç kim məcbur etmirdi. Vətəni ürəyi istədiyi kimi qorudu. Qismətində bu vardı - şəhidlik. Şəhid oldu”.

 

Səfər Səfərov, qohumu: “Bəxtiyar Hüseynov çox ağıllı, qoçaq oğlanlardan biri idi. Bunu uşaq yaşlarından sübut eləmişdi. Allah ona rəhmət eləsin. Öz vətənpərvərliyini şəhidliyi ilə sübut etdi. Arzu edirəm ki, bütün cavanlarımız onun kimi vətənpərvər olsun. Şəhidliyi heç kəsə arzulamıram. Amma onun kimi vətənpərvər olmağı bütün cavanlara arzulayıram”.

 

Böyütdüyü iki oğuldan birini Vətənə qurban edən şəhid atası Rəfael Hüseynov qayğılarını dilə gətirdi: “Arzu edirəm ki, oğlumun adı küçədəmi, məktəbdəmi qeyd olunardı. Kənd 1 saylı məktəbdə də elə bil lövhə yoxdur ki, orada oxuyanlar bilsin ki, Bəxtiyar Hüseynov oranın məzunu olub. Yaxşı oxuyub, yaxşı şagird olub. Yaşadığı küçəni veriblər onun adına, amma rəsmi qaydada deyil. Rəsmi qaydada olsaydı, lap yaxşı olardı”.

 

Şəhid Bəxtiyar Hüseynovun dostları və qohumları şəhidin doğma kəndi Qızılhacılıda tezliklə onun adına verilən küçənin rəsmi status alacağına və kənd məktəbində şəhidin igidliyinə layiq guşənin açılacağına ümid edirlər.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar