Səbayel rayonu, Əziz Nəzərov küçəsində yaşayan bir qrup sakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısına, Dövlət Neft Şirkətinə və Səbayel rayon MKTB-ya şikayət məktubu göndərib.
Sakinlərin Lent.az-a da göndərdiyi məktubda bildirilir ki, yaşadıqları mənzillərin yerləşdiyi binanın (bina Dövlət Neft Şirkətinə məxsusdur) bir-neçə metrliyində olan zibil konteyneri meydançasının oradan başqa yerə köçürülməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət ediblər. Əsasları isə ondan ibarət olub ki, məişət tullantıları üçün nəzərdə tutulan konteyner meydançası yaşadıqları binanın bir-neçə metrliyində olduğuna görə, azyaşlı uşaqlar həmin meydançada oynayarkən, zəhərlənmə ehtimalı yaranır.
Sakinlərin sözlərinə görə, daha öncə bu məsələ ilə bağlı BŞİH-ə yazdıqları şikayət məktubu Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərilib. Oranın sədr müavini M.Seyidov isə cavab məktubunda qeyd edib ki, görülən tədbirlər nəticəsində qeyd edilən ünvanda məişət tullantıları daşınıb, konteyner meydançasının ətrafında yaranan antisanitariya vəziyyəti aradan qaldırılıb və ünvan Səbayel rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən nəzarətdə saxlanılır.
Sakinlərin sözlərinə görə, cavab məktubunda birlik tərəfindən həmin meydançanın antisanitariya vəziyyətində olması etiraf olunub.
Şikayət məktubunda daha sonra deyilir: “Lakin birlik ərazini bir-neçə gün nəzarətdə saxlasa da, sonradan həmin ərazi daha da acınacaqlı vəziyyətə düşdü. Hazırda da həmin konteyner meydançası antisanitariya vəziyyətindədir və bu hal getdikcə daha dözülməz olur. Bundan əlavə onu da nəzərinizə çatdırırıq ki, həmin konteyner meydançasının ətrafı müxtəlif tikinti materiallarının çıxarları ilə qalaqlanıb ki, bu, ümumiyyətlə heç bir təşkilat tərəfindən heç vaxt təmizlənmir”.
Məktub sahibləri BŞİH rəhbərliyindən xahiş edir ki, sözü gedən konteyner meydançasının yeri dəyişdirilsin və qanunun tələblərinə uyğun olaraq, yaşayış mənzillərindən uzaq yerə köçürülsün. Sakinlər bildirir ki, əks təqdirdə onlar hüquqlarını məhkəmədə qorumaq məcburiyyətində qalacaqlar.
Məktuba qeyd olunan ərazidə yaşayan 25-dən çox sakin imza atıb.