Səbail rayonunda 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ətraflı məlumat verib və bildirib ki, ölkədə 6 ay ərzində ümumi daxili məhsul 5 %, qeyri-neft sektoru 11 %, kənd təsərrüfatı 5 % artmış, inflyasiya cəmi 2 % olub, əhalinin pul gəlirləri təxminən 7 % artıb. Ölkənin strateji valyuta ehtiyatları 48 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir: “Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2013-cü ilin ilk altı ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11.616,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 % az sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 266.7 milyon manatlıq və ya keçən illə müqayisədə 1.8 % çox, rabitə müəssisələri tərəfindən 295.4 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 2.8 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.854.8 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 30.7 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 644.0 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 3.3 dəfə artıb. İlin əvvəlindən pərakəndə ticarət şəbəkəsindən əhaliyə 122,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən 146,2 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.6 % çoxdur. Həmin dövr ərzində əhaliyə 40,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 % çox iaşə xidmətləri göstərilib, pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 2.5 faiz artaraq 146,2 milyon manat olub. Səbail rayonu üzrə daimi əhalinin sayı 95638 nəfər olub, əlavə olaraq rayonda 9207 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əmək haqqının məğləği isə 905,0 manat olub ki, bu da keçən illə müqayisədə 5,9 % çoxdur”.
İclasda Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Məmməd Nuriyev, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elbrus Əhmədov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Milli Qəhrəman Cəbrayıl Əliyev, rayonun təsərrüfat xidmətlərinin rəhbərləri çıxış ediblər.