Səbaildə 2013-cü ilin yekunları müzakirə olunub
03 fevral 2014 12:53 (UTC +04:00)

Səbaildə 2013-cü ilin yekunları müzakirə olunub

Bu gün Səbail rayonunda 2013-cü ilin yekunları və 2014-cü il üçün qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 347,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 1,2 % çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən   561,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% çox nəqliyyat xidmətləri göstərilib. 2013-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 637,8  milyon manatlıq və ya əvvəlki ilə nisbətən 0,8 % çox rabitə xidmətləri göstərilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 217,9 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.617,5 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 2,5 dəfə artıb. Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 224,0 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6  % çox istehlak malları satılıb, əhaliyə 74,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 % çox iaşə xidmətləri göstərilib.

2013-cü ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114.056 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1004,2  manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,7 % çoxdur. 2013-cü il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2220 yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ilin oktyabrından 2014-ci ilin yanvar ayının 1-dək rayonda 40288 yeni iş yeri açılmışdır ki, onların da 39420-i  daimidir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə «Alov qüllələri» Kompleksindəki «Fairmont Baku» otelinin, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, Kütləvi İnformasiya Vasitələri işçiləri üçün yeni yaşayış binasının, Neftçilər prospektində yeni yeraltı avtomobil dayanacağının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış, konservasiya işlərindən sonra Qız qalasının, əsaslı təmir və yenidənqurmadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Dağüstü parkın, Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının istifadəyə verilmə və  Su İdmanı Sarayının təməlqoyma mərasimləri keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1969-cu ildə tikilmiş 150-dən çox uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçası əsaslı təmir olunub.

Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi  aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün  Parlament prospektində «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun,  «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Əhəd Yaqubov küçəsində Səbail rayon Prokurorluğu üçün 3 mərtəbəli yeni  inzibati binanın, Badamdar qəsəbəsində 70 çarpayılıq Mərkəzi Xəstəxananın və yeni İdman Kompleksinin, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana kompleksinin, Səbail rayon İcra Hakimiyyətinin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, 2 saylı şəhər Poliklinikasının əsaslı təmiri aparılır. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Neftçilər prospektindəki Əl Oyunları sarayında əsaslı təmir aparılır.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub. Həmçinin bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2013-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 20 orta məktəb şagirdinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Fuad Muradov, Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi Rəşad Məmmədov iştirak edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar