8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib. Lent.az-ın məlumatına görə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik edib: “Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Ombudsman, Komitə sədri, Milli Məclis deputatlarının 20-si, bir neçə nazir müavini, rayon icra hakimiyyəti başçılarının müavinlərindən biri, bir sıra məhkəmələrin sədrləri və hakimləri qadınlardır. Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51,0 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 38 nəfər əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 27 nəfər müxtəlif orden və medallara layiq görülüb. Elm, təhsil, səhiyyə ocaqlarında yüzlərlə elmlər doktoru və elmlər namizədləri çalışır”.
Asif Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Tədbir populyar incəsənət ustalarının konserti ilə başa çatıb.