Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun yerləşdiyi binanın əsaslı təmiri başa çatıb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu ilin sentyabr ayında Üzeyir Hacıbəyov küçəsi 30 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun binasının da müasir şəkildə üzlənərək yenidənqurulması başa çatdırılıb.
Sovetlər dövründə bu binada rayon partiya icraiyyə komitələri yerləşib. Daha sonra binadan başqa təyinatlar üçün istifadə olunub, 2009-cu ildə isə binaya əlavə mərtəbə tikilib. Ötən illərdə binada əsaslı təmir işləri aparılmayıb.
Əsaslı təmir zamanı 6 mərtəbəli bina ilk növbədə dəmir-beton konstruksiyalar ilə möhkəmləndirilib, müasir dizaynlı dəmir dam örtüyü qurulub. Burada gecə işıqlandırılması sistemi qurulub. Bütün lazımi avadanlıq və sistemlərlə təchiz olunmuş binada yeni lift quraşdırılıb, yeni kondisioner və istilik sistemləri qurulub. Binanın otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulub. yeni mebel. texniki vəsaitlər və digər avadanlıqlar alınıb. Binada pilləkən və foyeyə qranit və mərmər döşənib. Bütün pəncərə və qapılar müasir materiallardan düzəldilmiş yeniləri ilə əvəz olunub. Binadakı kommunikasiya və rabitə xətləri yeniləşib, sanitariya qovşaqları əsaslı təmir olunub.
Rayon İcra Hakimiyyətinin birinci mərtəbəsində böyük iclas zalı əsaslı təmir olunub. Yeni kondisioner və istilik sistemi quraşdırılıb, zalın daxili tərtibatında müasir materiallardan istifadə olunub. 200 yerlik zalda rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Binaya bitişik olaraq 6 mərtəbəli yeni korpus tikilib. Yeni korpusun 2-ci mərtəbəsində rayon İcra Hakimiyyəti üçün hər cür texniki imkanlara malik olan konfrans zal yaradılıb. Bu zaldan rayon İcra Hakimiyyətində yaradılmış olan onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulub.
Yeni tikilmiş korpusun digər mərtəbələrində isə 9 saylı Xəzinədarlıq İdarəsi yerləşib, burada idarənin fəaliyyəti üçün müvafiq şərait yaradılıb.