Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayev İtaliyada tədqiqat aparacaq.
Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu ilin noyabr ayına planlaşdırılmış tədqiqat Bikokka Milan Universitetində həyata keçiriləcək. Q. Babayev zəlzələ və palçıq vulkanları püskürməsinin potensial mənbəyinin müəyyənləşdirilməsi, bu iki təbiət hadisəsinin hansının daha əvvəl baş vermə ehtimalı və palçıq vulkanizminin püskürmə dinamikası istiqamətində yenilikləri öyrənəcək, bu sahədə tətbiq edilən müasir metodika ilə tanış olacaq. Araşdırmalar Universitetin yer və ətraf mühit elmləri şöbəsinin rəhbəri Alessandro Tibaldi ilə birlikdə aparılacaq.
İşlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyinə layiq görülmüş "Şamaxı-Abşeron ərazilərində baş verən zəlzələlərin təsiri nəticəsində həmin ərazidə olan palçıq vukanlarının dərinliklərində mövcud statik və dinamik gərginlik şəraitlərinin dəyişilməsi" adlı layihə çərçivəsində həyata keçirilir.