Sağlamlıq imkanları məhdud şəxslər üçün bərpa mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılacaq. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, habelə Bakı şəhər Uşaq Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işlərinə başlanılacaq.
Təmir işləri başa çatdırıldıqdan sonra həmin müəssisələrin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchizatı həyata keçiriləcək. Eyni zamanda nazirliyin tabeliyindəki belə mərkəzlərdə tibbi bərpa ilə yanaşı, beynəlxalq təcrübə əsasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır və yaxın aylarda bu bərpa mərkəzləri yüksək səviyyədə yenidən qurularaq istifadəyə veriləcək.