Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin, habelə professor-müəllim heyətinin iştirakı ilə “Bayraq yürüşü” keçirilib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Dövlət Bayrağı Günü ilə əlaqədar təşkil olunan yürüşdə eyni zamanda Təhsil Nazirliyinin müxtəlif bölmə və struktur rəhbərləri, millət vəkilləri, ictimai xadimlər də iştirak ediblər.
Bayraq yürüşü Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli bayraq, milli suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycanın müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlət rəmzi kimi təsdiq olunan bu bayraq həm də bizim inkişafımızı,dünyaya açılışımızı simvolizə edir.
500 nəfərdən çox iştirakçının qatıldığı yürüş Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək davam edib. Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanında “Bayraq müzeyi” ilə tanış olub, xatirə fotoşəkili çəkdiriblər.