Gənclər və idman naziri Azad Rəhimov Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabirabad rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutan qəbula 40-dək vətəndaş qatılıb.
20-dən artıq müraciət olimpiya komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi və digər mövzularla bağlı olub. Gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində 15-dən artıq müraciət daxil olub. Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edilən məsələlər isə nəzarətə götürülüb.