“Anadolu türkcəsi bütün türk ölkələrində tədris olunmalı və yeni nəsil bu ləhcəni bilməlidir”. Lent.az-ın məlumatına görə, bunu türk dünyasından gələn gənclərlə görüşdə xalq şairi Sabir Rüstəmxanlı deyib.
Görüşdə Azərbaycan Dil Qurumunun başqanı, millət vəkili S. Rüstəmxanlı türklərin Balkanlarda, Uyğurustanda, Qarabağda soyqırıma məruz qaldığını deyib: “Böyük bir ədalətsizliklərlə üz-üzəyik. Səsimizin eşidilməsi və milli varlığımızın qorunmasında ədəbiyyatın müstəsna rolu var. Bu məsuliyyəti gənc yazarlar çəkməlidir”.
Gənc yazarlarla birgə ortaq əlifba, ortaq türkcə müzakirə olunub: "Doğrudur, buna zaman lazımdır və tədricən bu məsələ təbii yolla öz axarına düşəcək. Anadolu türkcəsi qan yaddaşımızda yaşatdığımız və müxtəlif ləhcələrdə hələ də qorunub saxlanan sözlərlə zənginləşəcək və nəticədə ortaq türkcəmiz formalaşacaq".
Qeyd edək ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Uyğurustan, Kərkük, Yakutiya, Krım, Qaqauz Eli və s. kimi türk ölkələri və muxtar qurumlarından gələn gənc yazarlar Bakıya Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən toplantıya qatılmaq üçün gəlib.