Səhiyyə Nazirliyi Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun vətəndaşdan rüşvət tələb etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a açıqlamasında bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinin komissiyası yaradılıb: “Komissiya bu məsələni araşdıracaq”.
Nazirlik sözçüsü onu da qeyd edib ki, Nazirlik tərəfindən yaradılan komissiya həmçinin digər rüşvət istəyən həkimlə əlaqədar da araşdırma aparacaq: “Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrah-həkimi Elnur İmanovun da vətəndaşdan rüşvət istəməsi ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Bununla bağlı nazirliyin komissiyası araşdırma aparacaq”. A. Qədirlinin sözlərinə görə, E. İmanovla əlaqədar nazirliyə bir neçə dəfə şikayət daxil olub. “Komissiyanın araşdırması yekunlaşdıqdan sonra həkimlərlə bağlı qərar veriləcək”.
Qeyd edək ki, Sabirabad Rayon Perinetal Mərkəzində çəkilən gizli video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub. Belə ki, videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə can "alver"i etdiyi əks olunub. Vüsal Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gəliri olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və "narkoz verənin" pulu olduğunu deyir. "Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?" deyən həkim bu sözləri ilə xəstə yaxınını hədələyir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.