Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət İnstitutunun Beynəlxalq əlaqələr üzrə professoru, Rusiya Şurasının Rəyasət heyətinin xarici əlaqələr üzrə üzvü, Vətəndaş Cəmiyyəti İnkişafının Prezident Şurasının üzvü, Əməkdar Mədəniyyət İşçisi, teleaparıcı, jurnalist, politoloq, tarix elmləri namizədi Aleksey Puşkov ilə görüşüb.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, S. Seyidov Aleksey Puşkovun AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri olduğunu xatırladaraq beynəlxalq səviyyədə Rusiyanın hər zaman Azərbaycana dəstək olduğunu söyləyib, Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlardakı əməkdaşlığından söz açıb. Rektor Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətinə görə Aleksey Puşkovu Universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun Fəxri doktoru diplomu ilə təltif edib və mantiyanı qonağa təqdim edib. Aleksey Puşkov ADU-da müxtəlif ölkələrin dillərinin tədrisini yüksək qiymətləndirib.
Qeyd edək ki, görüşdə Azərbaycanda Rusiya icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin də iştirak edib.