Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Həcc ziyarətində olan azərbaycanlı zəvvarlara Məkkədə ehsan süfrəsi açılıb. QMİ-dən Lent.az-a verilən məlumata görə, mərasim Heydər Əliyevin ruhuna ithaf olunub.
QMİ Həcc missiysının üzvü Hacı Həmdulla Babayevin Lent.az-a verdiyi məlumata görə, mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb və Heydər Əliyevin ruhuna dualar oxunub. İdarə rəsmisi vurğulayıb ki, bu ənənə illər sonra da davam edəcək: “Çünki Heydər Əliyevin Həcc missiyasının bu cür təmtərağa çatmasında böyük dəstəyi olub. Bunu nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə də idarənin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə keçirdiyimiz mərasimdə Heydər Əliyevin ruhuna dualar oxunur və ehsanlar verilir”.
Ehsan süfrəsi bir neçə yerdə qadın və kişi zəvvarlarımız üçün ayrı-ayrılıqda təşkil olunub. Ehsan zamanı Qarabağ müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz də yad edilib, ruhlarına dualar oxunub.