Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat verib. Şuradan Lent.az-a verilən məlumata görə, Şura sədri, deputat Azay Quliyev bildirib ki, 2013-cü ildə Şuranın fəaliyyəti çox məhsuldar olub: “Çalışmışıq ki, dövlətin QHT-lərə verdiyi dəstəyi yüksək formada təmin edək. Bu yaxınlarda ölkə başçısının dəstəyi ilə qəbul olunan “İctimai iştirakçılıq haqqında” yeni qanun isə ölkədə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ oldu”.
Daha sonra hesabat məruzə oxunub. Bildirilib ki, ötən il Şura yerli və xarici QHT-lərin layihələrini maliyyələşdirmək məqsədilə üç maliyyə yardımı müsabiqəsi elan edib. Maliyyələşdirmə istiqamətləri üzrə tərtib edilən mövzular əvvəlki illərdə olduğu kimi, yenə də Azərbaycanın mövcud reallıqlarını əhatə edib, cəmiyyət üçün aktual problemlərin həllinə yönəlik təşəbbüslərin dəstəklənməsinə yönəlib. Bu il yerli QHT-lərin Şura tərəfindən dəstəklənmiş 474 layihəsinin maliyyələşdirilməsinə 3 414 632 manat vəsait ayrılıb. Birinci müsabiqədə insan hüquq və azadlıqları, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemləri, elm, təhsil, mədəniyyət məsələləri, ailə institutunun möhkəmləndirilməsi, gənclər, uşaq problemləri, səhiyyə, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı işlər, Azərbaycan mədəniyyətinin xaricdə təbliği kimi vacib mövzular yüzlərlə QHT tərəfindən prioritet seçilib. Məişət zorakılığına və insan alverinə qarşı mübarizə, eləcə də gənclər arasında narkomaniya və ziyanlı vərdişlərlə mübarizə problemlərinə həsr olunmuş layihələrin sayı ictimai aktuallıq kəsb edən mövzular sırasında 2013-cü ildə keçən illərdəkinə nisbətən artıb. 2013-cü ilin 1-ci və 2-ci maliyyə yardımı müsabiqələrində maliyyələşən layihələr çərçivəsində "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlər" və "İctimai əhəmiyyətli nəşrlərin dəstəklənməsi" istiqaməti üzrə 10 təşkilat tərəfindən xarici ölkələrdə 21 tədbir, bir təşkilat tərəfindən Bakı şəhərində 3 dəyirmi masa və 1 teledebat keçirilib, 10 kitab nəşr edilib, 1 sayt hazırlanıb. Ümumilikdə bu layihələrə 124 500 manat vəsait ayrılıb.
Şuranın elan etdiyi ikinci maliyyə müsabiqəsi də əvvəlki müsabiqələrdən həm mövzu etibarı ilə, həm də onların icra metodologiyası ilə seçilib. əsasən kütləvi təbliğat formalarını nəzərdə tutan maarifləndirmə tədbirləri, xüsusilə əhalinin gündəlik həyatında aktuallıq kəsb edən, eləcə də, yeni qəbul edilmiş qanunların təbliği müsabiqənin əsas qayəsini təşkil edib. bu müsabiqədə günümüzün ən vacib problemlərindən olan ərzaq təhlükəsizliyi məsələləri, həmçinin kənd təsərrüfatında ekoloji təmiz-orqanik məhsulların yetişdirilməsi, genetik modifikasiya olunmuş məhsullara qarşı mübarizə tədbirləri də QHT-lər tərəfindən prioritet layihə fəaliyyəti istiqamətləri kimi seçilib. 2013-cü ildə Şura ilk dəfə milli donor olaraq həm də bir sıra xarici QHT-lərin Azərbaycanla, insan hüquqları və demokratik dəyərlər ilə bağlı layihələrini maliyyələşdirməyə başlayıb. 15 ölkənin QHT-ləri üçün elan edilmiş maliyyə yardımı müsabiqəsi Şuranın beynəlxalq fəaliyyətində ilk təcrübə olsa da, müvəffəqiyyətlə keçirilib. Bu layihələrin əsas mövzuları kimi Xocalı soyqırımının tanıdılması, regional təhlükəsizliyin və insan hüquqlarının təmin olunması, Azərbaycan mədəniyyətinin təbliği üzrə fəaliyyətlər nəzərdə tutulur.