Neçə illərdi soy adımdakı bu “Zadə” sözünün əlində əsirəm. Həmişə bu “zadə” və “zadə”lər, xüsusən, də zadlar mənə mane olub. Əvvəla, bu, bizim soz deyil, ikincisi də quru taxta kimi taqqıldayır, adamın yerini dəqiq nişan vermir, ümumi axının içində çox asanlıqla itib batır. Bəzən ədəbi təxəllüsün uğurlu seçilməsi şairin taleyində ciddi rol oynaya bilir. Unudulmaz şairimiz Xəlil Rza həmişə mənə “Qəşəm Nəcəf” deyirdi və həmin təxəllüsü Oqtay Rza bu gün də deməkdədir. Mənsə, bu “zadə”dən əl çəkə bilmirdim və necə ki, əl çəkməyib indi peşman olmuşam. Zövq müxtəlifliyi və bu çığır-bağırlar içində mən həmişə öz içimdəki həyəcana inandım. Amma bu “Zadə” həyəcanımı başqalarının hiss etməyinə imkan verməyib. Müəllim olmağım, saqqal saxlamamağım, araq içməməyim, siqaret çəkməməyim, çayxanada çaynik sındırmamağım - bunun da üstünə “zadə”ni gəlsəm, bütün bunlar, anormal bu ədəbi mühitdə dərin bir uçurum kimi qarşımda dayanıb. Bu mühitdə çox adam üçün pəncərə şüşəsini sındırmaq dəbdədi, daha onu sındırmağa qoymayan yox. Mən həmin pəncə şüşəsini sınmağa qoymayanlardanam. Bəzən mənim şeirimin oxunmasına 80-ci illərdən gətirdiyim imzam imkan vermir. Əgər mən növbəti kitabıma 80-ci illərin havası olan şeirlərimi salmasaydım, yalnız 90-cı illərdə yazdığım şeirlərdən ibarət bir toplu buraxsaydım, müəyyən mənada guya “təzə” görünərdim. Axı bu, mənim günahım deyil. Mənim 80-ci illərdəki ədəbi nəslim heç vaxt davakar olmayıb, özünü gözə soxmayıb. İndi bu gün 90-cı illərin havası 80-ci illəri inkar edir. Döyülən də mənəm, mənim imzamdı, bizik, sizsiniz. Bəlkə Qəşəm Nəcəfzadəni öldürüm? Təzədən yazmağa başlayım. Dörd il bundan qabaq belə də elədim, ayrı imza ilə şeirlər yazdım, çap olundu, hamı bəyəndi, tənqidçilər adımı “siyahılarına” saldı. Həyatda olduğu kimi ədəbiyyatda ilk olan şeylər gözəldi. Əgər əvvəldən sənin imzan xoşa gəlmədisə, sonra çətin olur. Nə yazsan görmək istəmirlər.
Necə ki, rəhmətlik İ.İsmayılzadı ilk kitabı “Ulduzların ad günü”ndə daha böyük şair idi. Ələkbər Salahzadə ilk kitabı “Beş yarpaq”da daha səmimi idi. Camal Yusifzadə ilk şeirlərində, Ramiz Rövşən ilk kitabı “Bir yağışlı nəğmə”də, Vaqif Bayatlı “Tənha ulduz altında”, Mövlud Süleymanlı “Ayın aydınlığında”, Dilsuz “Ağ atlı oğlanın nağılı”nda və s. Kim deyir ki, Əli Kərim 38 yaşından sonra daha gözəl əsərlər yazacaqdı? Kim deyir ki, Mikayıl Müşfiq 29 yaşından sonra ədəbiyyatı lərzəyə salacaqdı? Kim bilir, bəlkə “hə”, bəlkə də “yox”. Məncə, şairin ömür boyu bir kitabı olur, onu bölüb yüz kitab da eləmək olar, bir dənə də. Şair neçə il yaşayacaqsa, lap əvvəldən yaradıcılıq nöqteyi-nəzərdən ömrünün içində o başa bu başa gedib –gələ bilir. İstər ömür yüz olsun, istərsə də 29. Şairin bütün gücü yaşadığı ömrə sığışdırılır, daha heç nə yarımçıq qalmır.
Mənim nəslim nə 60-cıların, nə də xarici yazıçıların təsiri ilə bir misra yazmadılar. Ancaq özlərini, öz içlərini heç kəsə bənzəmədən, qışqırmadan, bağırmadan, sakit şəkildə, ədəb-ərkanla sözə çevirməyi bacardılar. Ancaq böyrümüzdə güdükçü dayanan ədəbi tənqid sakit axan nəhrə fikir vermir. Onun qulaqları söyüşcül, göz yaralayan, boş qışqırığa daha çox meyllidir.
Yenə deyirəm, söhbət ədəbi mühitdən gedir. Kim 90-cı ildən deyilsə, “oxumağa dəyməz” fikri formalaşdı. Amma bir həqiqət də var. XX əsrin sonuna yaxın əsl ədəbiyyat 80-ci illərin payına düşür. Bunu gələcək göstərəcək. İndi o qədər də qəbul edilməyən 80-ci illərin abı-havası (tarix boyu bu dönümlər olub) inanıram ki, 2017-ci ildən sonra qayıdacaq. Onda 90-cı illərin bəzi “sızıltılı”, burcutma obrazları köhnəlib deyə, daşa basılacaq. Mən daş atmayacağam. 60-cı illər də 2020-ci ildə qayıdacaq. Hətta 1900-cü il də təzədən gələcək. Məncə, Qəşəm Nəcəfzadəni öldürməyə dəyməz. O, bir də gələcək. Çünki keçmiş həmişə gələcəkdədir.