Gürcüstan gənclərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib. Lent.az-ın xəbərinə görə, Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, SOCAR Georgia, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilən səfərin məqsədi Gürcüstan gənclərinin Azərbaycanı daha yaxından tanıması, Azərbaycan tarixi, mədəniyyəti ilə daha yaxından tanışlıqdır.
Qonaqlar millət vəkili, Azərbaycan - Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edilib.
Sonra Gürcüstan gəncləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Q.Paşayeva gənclərə 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, Xocalı soyqırımı barədə geniş məlumat verib.
Gəncləri Azərbaycan Milli Məclisi ilə tanış edən Q.Paşayeva XX yüzilliyin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu deyib və parlamentin bugünkü fəaliyyəti, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti barədə geniş məlumat verib.
Daha sonra qonaqlar Q.Paşayevanın müşayiəti ilə Bayraq Meydanında və İçərişəhərdə olublar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Qız qalasını və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.
Qonaqlarla görüşdə Q.Paşayeva bu cür layihələrin önəmini vurğulayaraq bu cür layihələrə hər zaman dəstək verməkdən məmnun olduqlarını deyib.