Milli Məclisin bugünkü iclasında Qənirə Paşayeva orqan köçürülməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini təklif edib. Lent.az-ın xəbərinə görə, millət vəkili qaraciyər, böyrək əməliyyatları da daxil olmaqla orqan köçürülməsinin baha olduğunu bildirib: “Orqan transplantologiyası əməliyyatları bahadır. Təkcə qaraciyər köçürülməsi əməliyyatı 45-50 min, böyrək köçürmə əməliyyatı isə 10-12 min manatdır. Bu qiymətlər aşağı və orta əmək haqqı alan Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır”.
Q. Paşayeva dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu nəzərə alaraq, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə transplantologiya əməliyyatlarının ƏDV-dən azad olunmasının müsbət addım olacağını söyləyib: “Bu insanların sayı o qədər də çox deyil ki, dövlət büdcəsi üçün orqan köçürülməsinin əlavə dəyər vergisindən azad edilməsi böyük problem yaratsın. Amma 18 faiz əlavə dəyər vergisinin götürülməsi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstək olardı”.
Sonda millət vəkili bu məsələnin öz həllini tapması üçün müvafiq qurumların məsələyə həssas yanaşacağına inandığını da qeyd deyib.