Qəlyan haqqında bilmədiklərimiz - REPORTAJ
Azərbaycanda gənclər arasında çox populyarlaşan zərərli vərdişlərdən biri haqqında danışacağıq. Bəs zərərli vərdiş populyar ola bilərmi? İndi danışacağımız vərdiş bir çox gəncin sevimli məşğuliyyətidir. Bu, qəlyandır. Qəlyana maraq gənclər arasında artır. Əvvəllər bir-birini çaya dəvət etmə adəti indi qəlyan qonaqlığı ilə əvəz olunub. Siqaret çəkdiyinə görə yaxınlarından, qohumlarından çəkinən gənclər indi çox rahatlıqla hamının gözü qarşısında qəlyan çəkə bilir.
Görünür, qəlyan haqqında düşüncələrimiz siqaret və digər zərərli vərdişlər qədər mənfi deyil. Bunun səbəbi nədir? Bəlkə qəlyanı daha zərərsiz hesab edirik və ya onu bizə fərqli təqdim ediblər? Amma bir şey dəqiqdir ki, qəlyan, əslində, çox zərərlidir. Bunu həm də mütəxəssislər deyir. Gəlin əvvəlcə qəlyanın yaranma tarixinə nəzər salaq.
Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Daha sonra isə İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Şərqdə qəlyanla bağlı aforizmlər, adət-ənənələr də mövcuddur. Bəzi xalqlar dostluq əlaməti olaraq bir-birilərinə qəlyan bağışlayırlar. Bəzi ərəb ölkələrində evə gələn qonağa qəlyan təklif olunur. Bu təklifdən imtina edən qonaq ev sahibinə qarşı ciddi hörmətsizlik etmiş sayılır.
Mir Teymur APA TV-yə qəlyanın tarixi barədə bu fikirləri deyib: “Bəzən insanlar - "Bir dəfə ilə heç nə olmaz" - deyib maraq üçün qəlyan çəkirlər. Amma bu maraq insanlarda asılılıq yarada bilir. Həkimlərin dediyinə görə, 1 dəfə çəkilən qəlyan orqanizmin 1 aylıq immunitetini məhv edir. Ən təhlükəlisi isə qəlyandan əvvəl və ya sonra spirtli içki qəbul etməkdir. Bu, orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən çox nikotin var".
Qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Nanəli, banan və alma kimi meyvə ətirli qəlyanlar xüsusən, siqaret çəkməyənlərin hobbisinə çevrilsə də, nəticədə hər ikisi orqanizmə zərər vurur.
“Uzaqdan ziyansız və cəlb edici görünsə də, qəlyanın sağlamlığımıza nə qədər zərərli olduğunu öyrənmiş olduq. Atalarımızın bir misalı var parlayan hər metal qızıl deyil. Cəlbedici və estetik görünən hər şeydə faydalı deyil”.
3759