Qəbələdə FHN-in “Gənc xilasedici və yanğınsöndürənlər” yarışı başa çatıb - YENİLƏNİB
04 iyun 2014 11:14 (UTC +04:00)

Qəbələdə FHN-in “Gənc xilasedici və yanğınsöndürənlər” yarışı başa çatıb - YENİLƏNİB

Qəbələdə Fövqaladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürənlər” yarışlarının final mərhələsi keçirilib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yarışlar Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələdə FHN-nin Şimal-qərb Regional Mərkəzində təşkil edilib.

 

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat - tərzinin təbliğidir.

 

Yarış orta və ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət olub.  Yarış haqda əsasnaməyə uyğun olaraq, birincilik uğrunda beş mərhələdə, “Manelər zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə Şimal-qərb Regional Mərkəzin dislokasiya zonasına daxil olan 10 rayonun (Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) məktəblərarası-rayon turunda qalib olmuş komandaları mübarizə aparırdı.

 

Tədbir iştirakçıları öncə mərkəzin inzibati ərazisində ucaldılan Heydər Əliyevin büstü önünə güllər qoyaraq, xatirəsini yad ediblər.

 

 Dövlət Himni səsləndirildikdən sonra komandaların kapitanlarının hazırlıq haqda məruzələri dinlənilib. Çıxış edən natiqlər komandaları salamlayaraq,  yarışda onlara uğurlar, sağlam mübarizə arzulayıblar.

 

Gərgin mübarizə və yüksək idman əhval-ruhiyyəsi ilə başa çatan yarışda münsiflər heyətinin qərarı ilə ümumi nəticəyə görə “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyində İsmayıllı rayonunun komandası 1-ci, Qobustan rayonunun komandası 2-ci, Qax rayonunun komandası 3-cü yerləri tutaraq yarışın kuboklarını qazanıblar.

 

Yarışda fərqlənmiş komandalar Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi, Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən  kubok və diplomlarla təltif olunub. I və II yeri tutan İsmayıllı və Qobustan rayonlarının komandaları  Heydər Əliyevin 91 illik yubileyi münasibətilə keçiriləcək "Gənc xilasedici və yanğınsöndürən" ümumrespublika yarışlarında iştirak etmək hüququ əldə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288

Oxşar yazılar