Qəbələdə "Gənc xilasedici" II beynəlxalq yarışı başa çatıb - YENİLƏNİB
28 iyun 2014 18:48 (UTC +04:00)

Qəbələdə "Gənc xilasedici" II beynəlxalq yarışı başa çatıb - YENİLƏNİB

 

 

Qəbələdə Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Təhsil və Gənclər və idman nazirliklərinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq yarışlarına yekun vurulub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yekun tədbirlərində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

 

Yekun tədbirləri Qəbələ Atıcılıq Klubunun ərazisindəki gənc xilasedicilərin nümunəvi təlim çıxışları ilə başlayıb.

 

FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad  Hüseynov nazir, general-polkovnik Kəmaləddin Heydərova raport verib.

 

Nümunəvi təlim çıxışlarında Azərbaycan, Türkiyə,  Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışların qalibi olmuş rayonlarımızın komandaları iştirak ediblər. Komandalar  "Axtarış-xilasetmə işi" üzrə kinoloqların dəstəyi ilə əməliyyatları nümayiş etdiriblər. 

 

Sonra Kəmaləddin Heydərov və Mikayıl Cabbarov “dəyirmi masa” tədbirində müxtəlif ölkələrdən gəlmiş gənc xilasedicilərin suallarını cavablandırıblar.

 

Onlar belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağını bildiriblər.

 

Gənc xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirilməsi üçün Kəmaləddin Heydərova təşəkkür ediblər.

 

Yarış iştirakçılarının mükafatlandırılması mərasimi Qəbələ Mədəniyyət Sarayında keçirilib.

 

Mərasim gənc xilasedicilərin səhnələşdirdikləri və iştirak etdikləri təbii və texnogen mənşəli fövqəladə hallara dair kompozisiya ilə başlayıb.

 

Sonda nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qalib komandalara mükafatları təqdim ediblər.

 

Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi Siyəzən rayonu komandasına və beynəlxalq yarışların iştirakçısı olan Türkiyə, Gürcüstan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan komandalarına mükafatları təqdim edib, gənc xilasedicilərə uğurlar diləyib.

 

Beynəlxalq yarışlarda birinci yeri Rusiya Federasiyası, ikinci yeri isə Azərbaycan komandaları tutub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar