Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan – tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa-konfrans keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, konfransda komitə sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısının müavini Abil Ağasəfov iştirak edib.
Komitə sədri M. Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O, qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "Tolerantlıq ünvanı - Azərbaycan" mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə tolerantlığın tarixi, yaranma səbəbləri və bugünkü vəziyyəti barədə dolğun məlumat verib.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı F. Heydərov qeyd edib ki, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir: “Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq, dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili E. İbrahimov vurğulayıb ki, ölkədə dini dözümlülük ənənələrinin qorunub saxlanması istiqamətində aparılan siyasətə ölkədə ictimai-siyasi sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
QMİ-nin bölgə qazısı Ceyhun Rüstəmov, Azərbaycan Respublikası Alban-Udi xristian icmasının sədri Robert Mobili, Qax rayonu Müqəddəs Georgi dini icmasının nümayəndəsi Nanuli Kulaşvili və digərləri tədbirdə çıxış ediblər.