Fevral ayından başlayaraq, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi abonentlərə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərini təklif edəcək. Lent.az-ın məlumatına görə, yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə biləcəyi bu mərkəzdə vətəndaşlara heç bir müddət müəyyənləşdirilmədən, dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət göstəriləcək.
İtirilmiş smart kartın bərpası, artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi, saldoların çap olunması və borc haqqında məlumatın verilməsi, smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi kimi abonentlərə göstəriləcək xidmətlər göstəriləcək.
Qeyd edək ki, bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. Gələcəkdə “Azəriqaz” İB tərəfindən xidmətlərin sayının artırılması, bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Nəticədə xidmətlər Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN Xidmət” mərkəzlərini əhatə edəcək.