Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 16 noyabr - beynəlxalq tolerantlıq günü münasibətilə bölgələrdə bir sıra tədbirlərə başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə “Fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda ilk dəyirmi masa Qazax Ədəbiyyat Muzeyində təşkil olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Azərbaycanın çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələrin olduğunu diqqətə çatdırıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov deyib ki, tədbirin Qazaxda keçirilməsində əsas məqsədlərdən biri də burada 19-cu əsrə aid olan və günümüzədək qorunub saxlanan rus pravoslav kilsəsinin olmasıdır. O qeyd edib ki, bu da əslində Azərbaycanda multikulturalizm ənənələrinin göstəricilərindəndir. A. Məmmədovun sözlərinə görə, mərkəzin bir istiqaməti də elmi tədqiqatları təşviq və təşkil etməkdən ibarətdir. Buna görə də gələn il Bakı Slavyan Universitetində “multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi nəzərdə tutulur.