Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ-ın ermənipərəst konqresmeni Ed Roysun Bakıya səfəri ilə bağlı ona məktub göndərib.
Təşkilatdan APA-ya verilən məlumata görə, məktubda onun Azərbaycanda ermənipərəst konqresmen kimi tanınmasına rəğmən açıq anti Azərbaycan mövqeyinin müşahidə edilmədiyi vurğulanıb:
“Siz Adam Şiff, Frenk Pallone, Co Hollenberq, Mark Kirk, Corc Radonoviç, Nensi Pelosi kimi vicdanını itirmiş və erməni puluna satılmış adamlardan deyilsiniz. Ona görə də Sizi etiraz aksiyası ilə qarşılamadıq, məktubla müraciət etmək qərarına gəldik. Bizim müşahidələrimizə görə, siz həqiqət axtaran insanlardansınız. Həqiqət isə göz önündədir: Ermənistanın deyil, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır; ermənilər deyil, azərbaycanlılar öz yurdlarından qovulub, bir milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb; Rusiyanın hərbi bazası Azərbaycanda deyil, Ermənistandadır və Rusiya bu baza vasitəsi ilə bütün regionu təhdid altında saxlayır. Ukrayna hadisələri sizi həqiqətə bir az da yaxınlaşdırmalı idi. Rusiya ermənilərdən istifadə edərək Qarabağı işğal edib, Krımdakı ruslardan istifadə edib oranı tutub. Gürcüstanın, Moldovanın başına gətirilənləri də bilirsiniz. Rusiyanın nə vaxtsa ABŞ-ın Haylend şəhərindəki ermənilər üçün də muxtariyyət istəyəcəyi perspektivi sizə ona qədər də fantastik görünməsin. Ermənilər həmişə alət olublar, həm də eybəcərlikləri ilə seçiliblər”.
Məktubda həmçinin ermənilərin azərbaycanlılara qarşı dəhşətli təcavüzlərinə aid bir sıra faktlar da sadalanıb.