Qaranlıq dərənin fəlakəti, ata nisgili, dabandan açılan qan - TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ
09 iyul 2013 13:29 (UTC +04:00)

Qaranlıq dərənin fəlakəti, ata nisgili, dabandan açılan qan - TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ

Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...

 

XIV YAZI

 

Atam dedi ki,  daha örüşdə ot yoxdur, at yıxılsa dişi çıxar, gərək sabah qoyunları Qaranlıq dərəyə endirək.

Qaranlıq dərə çox qorxuludur. Nadir hallarda ora sürünü endirərlər. O qədər dərindi ki, dibi güclə görünür. İçindən ağ köpüklü çay axmasaydı ,  heç görünməzdi, sanki ağ köpüklər dərənin lompasıdır.

Anam axşamdan pendir çörək, soyutma kartof, yumurta  hazırladı,   bağlancağa büküb, kiçik heybəyə qoydu, mən də aşırdım çiynimə.

Biz axşama qayıtmalıydıq.

Qonşu fermaların yanında keçəndə bizim sürüyə  xeyli qoyun qatdılar. Hamı bilirdi ki, biz sürünü dərəyə aparırıq, dərədə ot bax, burdan, dizdəndi. Birinci Nənəqız xalam bir erkəyi ayırıb qatdı sürüyə ki, uşağın qurvanıdır, qoy yaxşı yeyib kökəlsin. Sonra Nüsrət dayı da 4 baş qoyun əlavə elədi  ki,  bu payız kiçik qızın nişanıdır. Axırda Babalı dayı da 19 baş qoyun gətirdi ki, bu da uşağın  instituta  qəbul  puludu.

Biz tərəkəmələrdə  hər şey qoyunla ölçülür. Demək olar ki, pul  burda  işləmir. Məsələn, bir evin arandan yaylağa qaldırılma  haqqı bir qoyun eləyir. Kəndə işıq pulumuz   bir qoyunun  haqqınadır. Mamaça uşağın birini  bir yanı balalı qoyuna tutur. Bir dəfə Cəlal dayımı tutmuşdular onu 5 inəyə 13 şişəyə qurtardılar. 2 kilo qənd bir toyuq eləyir. Əsgərlikdən  uşağı  birdəfəlik saxlatmaq 13 baş qoyunla həll olunur. 4 baş qoyuna əsgər gedən  uşağı Rostova rahat saldırmaq mümkündür.  Stavropolda “stroybat” o yannı, bu yannı 6 baş  qoyuna rahat başa gəlir. Bəzən  toylara nəmər əvəzinə siyahıya qoyun yazdırırlar. Bir sözlə, bizim fermada dövlət atributu qoyunla ölçülür. Bir dəfə Səməd  dayım  Kəlbəcərin taxtasından lilbər bulağına piyada gəlirmiş. Arvadların qulağı çaldığına görə orada bir kürd qızı ilə  him - cimi varmış. Yolda bir “ Pobeda ” dayanır. Səməd dayıya  deyir,  otur. Heç vaxt rahat maşına minməyən Səməd   dayı arxa oturacaqda uşaq kimi atılıb düşür və deyir: “Oyy, Ay allah nə yumşaqdır”. Axırda sürücüyə deyir, ay bala, bu maşını neçəyə almısan? O da deyir ki, 10 min manata. Səməd  dayı soruşur   ki, ay oğul, qoyunla bu qiymət neçə eləyir?  O da deyir  ki, 100 erkək. Səməd dayının  gözü çıxır kəlləsinə, deyir, ayə, köpəyoğlu, sən hansı fermanı dağıtmısan? Mən beş oğlumla 20 ildir bu çöllərdə sərgərdanam, it zülmü çəkirəm heç  50 erkək qazana bilməmişəm. Sən demə, bu da olur İmişli rayon prokuroru, qoyun kəmi ilə bağlı bizim yaylağa  gəlirmiş. Prokurorun şərəfinə mərasim qurulur. əvvəlcə ortaya qırmızı stol qoyulur. Sədr, partkom, prokuror qırmızı stolun arxasında otururlar.  Stolun üstündə vazda qırmızı   alma qoyublarmış. Səməd dayının  gözü də almada. Prokuror Əliqulular kəndinin sosial inkişafından danışır, gələcək uğurlarını qeyd edir. Hazırkı   nöqsanların aradan qaldırılması yollarından danışır. Nəhayət, söhbət bitir. Prokuror soruşur  ki, kimin sualı var?  Səməd  dayı  əlini qaldırır. Hamı deyir ki, görən Səməd nə deyəcək?  Prokuror deyir ki, buyur. Səməd  dayı  deyir ki, olar almanın birini yeyim? Yəni  Səməd  dayı  üçün söz boş şeydi. Əsas yeməkdi. Hətta Səməd  dayının  bir sözü də kəndimizdə   məşhurdur, əgər  yeməyi çeynəyirsənsə, sənin deyil, boğazdan keçdisə, sənindi.

Sözüm bunda yox. Atamla sürünü Qaranlıq dərəyə tərəf aparmaqdayıq. Anam çox dedi,  Qəşəmi aparma, uşaqdı. Birdən-ikiyə o dərəyə düşməyib. Atam əhəmiyyət vermədi. Özüm etiraz etsəydim, atam mənə bərk acıqlanardı.

Bir dəfə qonşunun uşağına döyülməyimə  görə atam mənə   karlı bir şilə vurdu. Lap sonralar institutun  4-cü kursunda oxuyanda anama bir qızı sevməyimi sirr gəmişdim. Anam da atama dedi, atam da mənə dedi ki, sənə çoban qızı alacam. Dedim almıram. Ağacı götürdü, mən yükün dalına qaçıb girdim, yük aşdı. Atamın ağacları döşəklərə dəyib toz çıxartdı. Anam mənim yox, döşəyin hayına qaldı: ”Bu nə tozdur belə.” Atam bildi ki, mən gedəcəm, ona görə  dikdaban ayaqqabımı geyinib getdi qoyuna, ona görə belə etdi ki, o, gələnə kimi mən şəhərə getməyim və gəlib axşam mənlə barışsın.

Atam keçiləri  qabağına qatıb aparırdı, qoyunlar da onun dalınca rahat gedir, mən arxada qalanları qovaraq sürüyə qatırdım.

Qoyunun qabaq hissəsi dərəyə tökülməkdə idi. Tozanaq ətrafı bürümüşdü. Aşağı endikcə vahimə məni bürüyürdü. Eniş o qədər sərt  idi ki, oturub sürüşürdüm. Bəzən elə olurdu ki, qoyunlar dığırlanıb gəlib mənə dəyirdi və ya başımın üstdən aşırdı. Keçilərin heç vecinə deyildi, elə bil burda doğulub , burda bitiblər. Balaca daş qırıqları güllə kimi aşağı diyirlənirdi. Dərənin dibi çox ensiz idi. Balaca vadisi görünürdü. Hiss edirdim ki atam da pesman olub, amma  sürünü geri qaytarmaq da çətin idi. Aşağı endikcə bürkü artırdı. Dərənin dibinə çatan kimi qoyunlar mələşməyə başladı. Sanki qələbəni qeyd edirdilər. Elə bil onlar indiyə kimi səslərini udmuşdular. Səssizlikdən adamın qulağı uğuldayırdı və aradabir uzaqda güllə səsləri eşidirdi. Atam dedi ki, onlar  Beyləqan  ovçularıdır, dağ keçisi ovlayırlar. Hər tərəf yamşayıl ot idi. Qoyunlar otun içində itib batırdılar. Atam qələbəsinin təntənəsini qeyd edirmiş kimi bir qaya parçasına dirsəkləndi və ilk dəfə mehriban səslə dedi:

- Qorxdun, başına dönüm.

Yanına gəldim, sırıxlısının qoluna üzümü söykədim.

Atam ilk dəfə olaraq atasından  mənə danışmağa başladı: ”Atam güclə yadıma gəlir. Dəqiq o yadımdadır ki, boz atımız vardı, atam məni qaldırıb  onun üstünə  qoydu və mən atın üstündən o üzə yıxıldım. Vəssalam, atamdan yadımda ancaq bu, qalıb. Sonra atamı  tutub güllələdilər, 1946 -cı ildə.

Atam məni çayın ortasında iri bir qayanın üstə çıxartdı. Qayanın ortasında  su şırnağı təzyiqlə  fontan vururdu. Su qaynar idi. Atam dedi ki, bu su Kəlbəcər İstisu damarından ayrılan bir xətdir. Həmin daşın üstündə oturub atamla çörək yedik,  Süfrəmizə çayın qırağından nanə,  yarpız, quzuqulağı və baldırğan da əlavə etdik. Evə gətirmək üçün bir baldırğan şələsi düzəltdim.

Atam  atasını hey  yada salmağa çalışırdı. Bilmirəm  niyə , məhz elə burda ? Axı evdə bunu etməzdi. Bir dəfə də olsun söhbət salmazdı. Bəlkə biz  dünyanın dibinə  düşmüşük . Bəlkə bura  ən yadda qalan yerdir. Bəlkə atam ürəyindəkiləri  danışmaq üçün  məni bura gətirib.

Atamdan soruşdum:

- Sən heç bura qoyunları oturmağa gətirmisən?

- 1942 – ci ildə atamla. Amma yadımda deyil, anam deyirdi ki,  gəlmişik. 1946 - cı ildə atamı tutdular. Kolxoz sədri tutdurdu.  60 baş  qoyun verdik, yenə buraxmadılar.  O vaxtdan gəlməmişəm bura,  İndi 1976-cı ilin yayında səninlə gəldim.  Sonra  atam ağladı. Əllərinin arxası ilə  gözünün yaşını silə-silə dedi ki,  indi atamı tutduran kişinin oğlu  bizim kolxoz sədridir. Sən yaxşı  oxu,  kolxoz sədri ol.  Niyə atam bunu başqa vaxt demir, iki dağın qulağının arasında deyir. Bəlkə  insan ayağı az-az dəyən  bu yerdə ilahi bir sirr vardı.

Atam əlini qaşının üstünə qoyub göyə baxdı və məni yanına çağırıb dedi:- O əyri qara  buludu görürsən. Yerdən yavaş-yavaş qalxır, Algöllərdən su götürür. Əyri quyruqlu bulud fəlakətli yağışdı. Burda qalsaq, sel bizi aparacaq.

Mən  göyə  bir də baxdım, bu bulud vergilə oxşayırdı,  vergildən başqa bir şey deyildi. Axı atam bundan da qara zəhmli buludlar görmüşdü. Amma qorxmamışdı. Demək, bu cür  buludlar atama yaxşı tanışdı. Qoyunu dərədən çıxartmağa başladıq. Dərəni çıxmağa az qalmış atamın quzu vaxtı mənə verdiyi sarıkürə qoyun sürünün arxası tərəfdə, dərənin başına çıxmağa 10 addım qalmış dayanıb mələdi, nə qədər elədim gəlmədi, ərindim aşağı düşməyə, balaca bir daş götürüb qoyuna atdım. Daş  qulağının dibinə dəyən kimi  qoyun diyirləndi dərəyə.  Dərəni duman tutmuşdu. Yağış artıq bizi islatmışdı. Atam qoyunu təzədən qıylayıb dərəyə doldurdu. Çatdıq ki, sarukürə qoyun qan içindədir. Atam qoyunu daş mağarada kəsib soydu. Tez-tez ildırim çaxırdı. Atam dedi ki, kahalar ildırım çəkən olur. Çıxıb yağışın  altında dayandıq. Atamdan bir az aralanmışdım ki, elə bil dərəyə od töküldü, mən yıxıldım. Oyanandan sonra atamı ayaq üstə görmədim. Bir az irəli gedəndən sonra atam yerə yıxılıb titrəyirdi. Atamı ildırım vurmuşdu. Dabanından  qan açılmışdı. Gözləri, üzünün əti bir yerdə dayanmırdı.  Mən fermaya qaçdm, gördüm ki, fermada ağlaşmadı, Saday dayını da ildırım vurub. Hər şeyi anama danışdım. Hamı Qaranlıq dərəyə tərəf yüyürdü, atamı boğazına qədər  torpağa basdırdılar. Gecəni dərədə qaldıq. Səhəri laçından bir kürd həkimi gətirdilər. Iynə vurdu. Zəhmət haqqı  bir qoyun verdik. Həkim dedi ki, allahın  sizə onda yazığı gəlib ki, dabanı partlayıb tok dabanından çıxıb.

Atam mənə gülümsünüb dedi,  oğlum, həmişə özünü balaca qara əyri buluddan qoru, o bulud bütün dünyanı dolaşır.

Indi Qaranlıq dərə ermənilərin əlindədir. Görəsən ö qara əyri bulud  yenə dolaşırmı  göy üzündə? Kəndimizin icra nümayəndəsi  babanı tutduranın nəvəsidir. Deyir darıxma müəllim, tezliklə o dağlara qayıdacağıq.  Amma mən o qara əyri buludu axtarıram.

# 1843
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar