“Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər ediləcək”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazir müavini deyib ki, bu, həmin şəxslərə qoyulan tibbi diaqnozdan asılı olacaq: “Əgər 1990-cı illərdə Azərbaycanda bəzi xəstəliklərin müalicəsi yox idisə, bu gün ölkədə müxtəlif əməliyyatlar aparılır və nəticələri çox uğurlu olur. Bu səbəbdən də əlillik statusunun verilməsi ilə bağlı standartlara ciddi dəyişikliklər olunacaq”.
N. Məmmədov əlavə edib ki, məsələ ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
Nazir müavini həmçinin onu da qeyd edib ki, Azərbaycanda tibbi-sosial ekspertiza müayinələrinə dair arayışlar da elektron formada veriləcək.