Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 12-nə gözlənilən hava proqnozunu açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq keçəcək və arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının sulu qara keçmə ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Temperatur gecə və gündüz 0-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yağış, sulu qar və qar yağacaq. Ayır-ayrı yerlərdə qarın intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 0-5 şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda 8-13, bəzi yerlərdə 18 dərəcə şaxta olacaq. Gündüz 0-5 dərəcə şaxta olacaq.
Qeyd edək ki, bu gün günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək.