Qapısına qatar gələnlərlə bir gün – REPORTAJ
15 may 2013 16:31 (UTC +04:00)

Qapısına qatar gələnlərlə bir gün – REPORTAJ

Şanxay Çinin ən böyük, dünyanın isə səkkizinci ən böyük şəhəridi. Bu gün biz sizə Şanxaydan danışacağıq. Çindəki Şanxaydan yox, Bakıdakı “Şanxay”dan. 


Bəli, bəli...Düz eşitdiniz. Bizim də “Şanxay”ımız var. El arasında “Şanxay” deyə tanınan bu yaşayış massivi “Şəfa” stadionunun arxasında, qatar relslərinin düz həndəvərində  50-ci illərin sonundan salınıb. Buranın “Şanxay” adlandırılması ilə fərqli fikirlər var. Bunlardan biri belədi. Burdan bir nəfər Çinin Şanxay şəhərinə gedib. Qayıdanda qonşular “Çin necəydi?” soruşub. “Lap bizim qəsəbə kimiydi”, - deyə cavablandırıb. Deyirlər o vaxtdan bəri buranın adı “Şanxay” qalıb. Əlbəttə, bu bir zarafatdı. Amma burada, “Şanxay” adlanan bu yaşayış massivində yaşananlar isə qətiyyən zarafata bənzəmir...

 

 

 


Daşlı-torpaqlı yollarla gəlib çıxdım bizim “Şanxay”a. “Şanxay”ı tanımaq lazım deyil, elə dəmir yollarını görən kimi “Şanxay”a çatdığınızı anlayacaqsınız. Təsəvvür edin, bura Azərbaycanda bəlkə də yeganə yaşayış məkanıdı ki, qatarla əhali ortaq yollardan istifadə edir. Elə relslərin üzərindən keçmək istəyirdim ki, budur, qatar gəlir. Dayanıb qatarın keçməsini gözləyirəm. Sürətini azaltmasına baxmayaraq qatarın səsi adamı vahiməyə salır.

 

- Bu qatarların özü bir yana, səsi canımıza vəlvələ salır. Qorxuruq, niyə qorxmuruq ki? Nə edək məcburuq burda yaşamağa. Kasıb adamlarıq.
 

Deyib keçir gedir ilk həmsöhbətimiz. Qatar relslərinin bir addımlığında tikilən yaşayış evlərinə baxa-baxa gedirəm. Evlərinin çoxunun qapısı açıqdı.

 

 

 

“Balasını götürən götürür, götürməyənin bağrı yarılır”

 

 

 

 

Səlimə Salayeva 19 ildir burda yaşayır. Uzun müddət kirayənişin yaşayandan sonra məcburən bura köçüblər.


- Bura qayınanamdan qalan köhnə, göbələk basmış ev idi. Uşaqlarımı burda bir zülmlə böyütdüm. İndi nəvələrim var. Qatar səsindən gecələr uşaq beş dəfə oyanır, normal  yata bilmirlər. Bütün günü səksəkə içindəyəm, birdən uşaq qatarın altında qalar. Uşağın dalınca qaçmaqdan yorulmuşuq. Qatarın içərisində ayaqyolu var. Hər dəfə burdan keçəndə onu qapılarımıza axıdır. Özünüz də gördünüz necə pis iy gəlirdi. Səsi, təhlükəsi azmış kimi üfunət iyi də öldürür bizi. Hələ yay gəlməyib, qızım. Təsəvvür et ki, yay da necə olur? Bəzən qatar dayanmaq istəyəndə relslərin üzərinə elə çırpılır ki, adam elə bilir ki, bu dəqiqə ev təpəmizə uçacaq. Telefonla danışan vaxt 100 vaqonluq qatar keçirsə, səsdən ağız deyəni qulaq eşitmir. 


- Uşaqlar bəs harda oynayır?


- Harda olacaq? Bax, elə gördüyün bu dəmir yolunun üstündə. Gördüyün kimi bir ovucluq həyətimiz var. Burda uşaq necə oynasın? Məcburdurlar relslərinin arasında oynasınlar. Qatar gələndə sən burda vəziyyəti görəsən. Anaların qışqırığı buranı götürür. Balasını götürən götürür, götürməyənin bağrı yarılır. Ana bu tərəfdə qalır, balası o biri tərəfdə. Uşağı görə bilim deyə qapını açıq qoyuram. Nə iş görsəm bir gözüm qapıdadı. Öz uşaqlarımın dalınca qaçdım, indi də nəvələrimin dalınca qaçıram. Bəzən elə olur ki, qatar elə sakit gəlir ki, adam hiss etmir. Uşaqdı, başı oyuna qarışar, qatarın altında qalar. Qaynımın iki-üç yaşında oğlu həyətdə oynayan vaxtı uşaqlarla ağaca çıxıb. Həmin vaxtı ağacın altından qatar keçirmiş. Uşaq da istəyib ayağını qatara qoysun. Ayağı ilişib, yıxılıb. Qatar uşağı sürüyüb, baldır nahiyyəsi tamam aparmışdı. İndi otuz yaşı var, doqquz dəfə əməliyyat olub. Otuz ildi dərman qəbul edir, hələ də ayağının əziyyətini çəkir. Bu qatar onun həyatını puç etdi. Belə nümunələr çoxdu. Mən sizə sadəcə birini danışdım. O zaman nə hökumətə bildirdik, nə də şikayət etdik. 


- Burdan köçməyi düşünmürsünüz?


- İmkanım olsaydı günü elə bu gün burdan gedərdim. Amma bu evi kimə sata bilərəm? Kim belə bir yerdən ev almaq istəyər? Qatar relsləri elə basıb ki, ağırlığından evlərin bir tərəfi yatıb, divarlar çat-çatdı. Sata bilsəydim, köçərdim, çöllük-biyabanda özümə ev edərdim. Neçə ildir elə hey deyirlər ki, bizi köçürəcəklər. Elə vaxt olur ildə bir dəfə, elə vaxt olur altı aydan bir gəlib ölçürlər, şəkillər çəkib gedirlər. Amma hələ bir nəticəsi yoxdu. Qulağımız səsdədi. Elə hər gün deyirlər ki, Nazirlər kabinetində müzakirə olunur. Ay bala, bu müzakirə neçə il çəkər? Bitmədimi bunların müzakirəsi?  Qatarların təhlükəsi bir deyil, beş deyil. Burada tez-tez yanğınlar olur. Evlər iç-içə olduğundan bir ev yanan kimi odu qonşu evlərə də ötürülür. Vaqonlar qara mazut, neft daşıyırlar. Bir də görürsən vaqonlar nefti tökə-tökə gedir. Cəld durub yerdəki nefti, mazutu təmizləyirəm. Kimsə bilməz yerə kibrit atar, alışar deyə. Hələ bunun aşmağı da var. Bir neçə il bundan əvvəl vaqonlar evlərin üzərinə aşmışdı. Birinin evi, birinin divarı vaqonların altında qaldı. İndi də hər dəfə qatar keçəndə qorxuram, elə bilirəm ki, yenə aşacaq. Bəzən də elə olur ki, qatar bir saat dayanır. Elə ki, dayandı evdə olan evdə qalır, çöldə olan çöldə. Vaqonlar qapımızın ağzını kəsir. Kimsə evinə, işinə gedə bilmir. Dəfələrlə bu səbəbdən oğlum işə gecikib. Son illər azı altı-yeddi nəfər qatarın altında qalıb. Heç yadımdan çıxmaz, iki il bundan əvvəl 16 yaşında oğlan öldü. Adamın heç inanmağı da gəlmir ki, yekə oğlan qatardan necə qaça bilməyib? 

 

 

“Tikə-tikə bura gəlib çıxdıq”

 


Səlimə xalanın danışdığı sonuncu hekayədən sonra 16 yaşlı o uşağın ailəsi axtarmağa qərar verdik. Evlər arasında tək yol relslər olduğundan relslərin üzəri ilə gedirdik ki...yaşlı bir kişiylə rastlaşırıq. Razim Ələsgəroğlu artıq əlli ildir ki, burda yaşayır.


- Baba, niyə evinizi bu qatar relslərinin yanında tikmisiniz? O vavt bunun təhlükəli olduğunu bilmirdiniz? 


- Ay qızım, evi mən tikdirməmişəm, hazır almışam. Amma o zaman belə deyildi. Buralar çöllük, biyabanlıq idi. Evlər hardaydı, qatar yolu harada. Sonradan camaat tikə-tikə gətirib relslərin yanına çıxarıb. Həm o vaxt qatarlar da gec-gec işləyirdi. İndi artıb. Amma mənim evim yanındakı relslər işlək deyil, qatar gəlib getmir. Deyirlər o relslər söküləcək.


- Razim baba, evlər köçürüləcək, yoxsa relslər?


- Evlərin köçürüləcəyi əlli ildir deyilir, amma hələ heç kim köçürülməyib. Mən eşitmişəm ki, işlənməyən relslər söküləcək.


Razim babadan 16 yaşında qatarın altında qalan uşağın evini soruşurdum ki, yanındakı 13 yaşlı Arif sözümü kəsib “mən tanıyıram” dedi. Ariflə söhbət edə-edə relslərin arası ilə  gedib çıxdıq həmin mənzilə. Məlum oldu ki, Əmir Qasımov həmin evə yaşamırmış, qonaq gəlibmiş. Sultanova Yavər hadisəni belə danışır:


- Rəhmətlik gəlinimin qardaşı idi. Nəvəmin ad gününə gəlmişdi. Hamımızı peşman elədi. Günün günorta çağı saat on iki olardı həyətə çıxdı. Çıxmağıyla qatarın altında qalmağı bir oldu. Təsəvvür edin, on ikinci vaqonun altında qalıb, üstündən 26 dənə vaqon keçmişdi. Qıçı bir yanda, qolu bir yanda. Evin bircə oğluydu. Eləcə getdi, heç nədən... Heç kim bilmədi ki, necə oldu? Gül kimi uşaq relslərin altında doğrandı. Özümüzdə göz qabağındayıq. 2001-dən burda yaşayıram. Yoldaşım xəstələnib, yatağa düşəndə faizə pul götürdüm. Bir həftə sonra kişi öldü. Borc yığıldı boğaza. Lökbatanda o cür evimi satıb köçdüm bura. On ikidən çoxdu burda yaşayıram. Hər günümüz qorxu, həyəcan. Uşaqların arxasınca çoban oluruq. O başa, bu başa. Uşaq hara getdi arxasınca bizdə gedirik. Qatarların əlindən yatmaq da olmur. Gecə vaqon gələn kimi uşaq da durub oturur yatağın ortasında. Hər dəqiqəsi həyəcandı. Əlli səkkiz yaşında mən qorxuramsa, təsəvvür edin körpələr nələr çəkir? Hələ biz şükürlüyük. O biri məhlədə elə bil vaqon evin içindən keçir. Eləcə aldadırlar ki, bu gün köçəcəksiniz, sabah köçəcəksiniz. Hanı bəs? Dəqiq başımıza nə gələcək bilmirik. 

 


“Yaşadığımız evləri görsəniz qorxarsınız”

 

 


Elə bu vaxtı söhbətimizə qonşu da qoşuldu.


- Yoldaşım Ağdam qaçqınıdı. Qoltuğumuzda azyaşlı uşaq qalmışıq kirələrdə. İkimiz də şəkərik. Yoldaşım iki-üç dəfə əməliyyat olub, ayaqları xəstədi. Qaraçı kimi qapıları gəzirik. O ev yiyəsi yola vermir, bu ev yiyəsi yola vermir. Keşlədə dörd ev dəyişmişik, beşinciyə namizədik. Yaşadığımız evləri görsəniz qorxarsınız. İnsan orda yaşamaz ki, biz yaşayırıq. 


Anası danışır, Mələk isə barmağı ilə torpağı cızır.


- Mələk, burda yaşamaq necədi?


- Pis.


- Niyə?


- Oynamağa qoymurlar.


- Kim qoymur?


- Burda vaqon gələndə gözümə toz dolur. Mən vaqondan qorxmuram, heç nədən qorxmuram. Heç dostlarım da qorxmur. Amma mamam qorxur. Vaqon gələndə qışqırır “Mələəək!”.


Heç nədən qorxmayan bu balaca qızdan ayrılıb qatar relsləri ilə yoluma davam edirəm. Yol boyu qarşıma relslər üzərində gəzən uşaqlar çıxır. Hər gələn səsdə yoldan çıxıb, kənarda durduğum halda bu uşaqlar sağa-sola baxmadan başlarını sallayıb gedirlər.

 

 

 

 

“Bir problemimiz var, o da dəmiryoludu”

 

 

 

Nəzrin və Leyla da burda yaşayırlar. Onlar da o biri uşaqlar kimi qatardan qorxmadıqlarını deyirlər. Televiziyadan gəldiyimi düşünüb,  qucaqlaşıb poza da verdilər.


Qəhrəman qızlarla sağollaşıb, relslər üzərində səyahətimə davam edirəm. Uzaqda relslərin üstündə oturan xanımları görürəm. Uzaqdan da görünür ki, maraqlı söhbət gedir. Yaxınlaşıb qatarların adını çəkən kimi mənə də öz aralarında yer verib, başladılar söhbətə:


- Bizim dərdimizi neçə ildir elə hey bu jurnalistlərə danışırıq, danışırıq, amma hələ də bir faydasını görməmişik. Gəlib, çəkib gedirlər. Bura əslində yaxşı yerdi. İnsanları yaxşıdı, havası yaxşıdı, yeri də “xodovoydu”. Dörd bir tərəfə yol var. Avtobusa minmədən istədiyimiz yerə gedə bilirik. Suyumuz, qazımız, işığımız var. Bazara getmədən nə istəsən burdan almaq olur. Ona görə də gələnlər burdan getmək istəmir. Adicə kirayənişin gəlir, on illərlə burdan getmək istəmir. Bir tək problemimiz var, o da ki, dəmir yoludu. Bu qatar yolunu burdan götürsələr, lap əla olar. Biz də neçə ildir burda yaşayırıq, özümüzə görə ev tikdirmişik. Bayırdan belə görünməyinə baxma, evimizin içi qəşəngdi. Hər şəraitimiz var. Qonağımız gələndə utanmırıq. İndi bu yaşdan sonra biz hara gedək? Üzümüz, gözümüz öyrəşib bura. 


- Köçmək istəməzsiniz?


- On ildir deyirlər ki, köçürüləcəyik. Amma hələ bir irəliləyiş yoxdu. Bir də ki, köçürsələr belə kimsə burdakı şəraitini qoyub getmək istəməz. Biz burda doğulub, burda böyümüşük.


- Bəs uşaqlarınız üçün qatar təhlükə deyil?


- Şəxsən mənim uşaqlarım öz həyətimdə oynayır, küçəyə çıxmırlar. 


- Bəs qatarın səsi?


Kənardan kimsə tez dillənir.


- Qatarın səsi bizim laylamızdı. Uşaqlarımız da öyrəşib. 

 

...Layla ha? Allah kəssin belə laylanı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3654
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar