Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Lent. az-ın məlumatına görə, vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5823 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
2625 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 970 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 344 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 1151 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 489 vergi ödəyicisi tərəfindən 769 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 200 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 44 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 1526 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı tədbirlər görülüb.