Prezident Kürdəmirdə məktəb və YAP binasının açılışını edib
17 sentyabr 2015 18:29 (UTC +04:00)

Prezident Kürdəmirdə məktəb və YAP binasının açılışını edib

Prezident İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlətimizin başçı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

 

Təhsil naziri Mikayıl Cabbarov məlumat verib ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri addımlar atılıb.

 

Ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan binanın birinci mərtəbəsində Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Məktəbin ərazisində idman meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Dövlət başçısı təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verib.

 

Prezident Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı bir daha göstərir ki, ölkədə Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya uğurla davam etdirilir. Paytaxtla yanaşı, bölgələrdə də mühüm sosial layihələr icra olunur. Bu fakt özünü regionlarda, yeni inzibati binaların tikintisində daha aydın büruzə verir. Bölgələrdə inşa olunan inzibati binalar sırasında Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün tikilən binalar da xüsusi yer tutur. Bu sırada partiyanın Kürdəmir rayon təşkilatının binasını da qeyd etmək olar.

Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Bunun nəticəsidir ki, Heydər Əliyevin yaratdığı bu siyasi partiya sıralarını getdikcə daha da genişləndirir. Partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunan inzibati binalarında yaradılan müasir şərait isə əməkdaşlara günün tələbləri səviyyəsində fəaliyyət göstərməyə geniş imkanlar açır.

Partiyanın Kürdəmir rayon təşkilatının 8350 üzvü var ki, onlardan da 3685-i gənc, 3002-si isə qadındır. Respublikanın hər yerində olduğu kimi, Kürdəmirdə də YAP üzvləri rayonun inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

Tikintisinə 2014-cü ilin noyabr ayında başlanılan bina zəruri infrastruktur, inventar və avadanlıqla təchiz edilib. Sahəsi 630 kvadratmetr olan ikimərtəbəli binanın foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası haqqında söylədikləri kəlamlar yazılıb, Ümummilli Liderin büstü qoyulub.

Binada xidməti otaqlarla yanaşı, akt zalı da yerləşir. İkinci mərtəbədə Heydər Əliyevin və Prezident İlham Əliyevin partiya ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Bu gün ölkənin həyatında baş verən bütün mühüm hadisələrdə fəal mövqe tutan, inkişafa öz töhfəsini verən Yeni Azərbaycan Partiyası tarixin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. İndi bu partiyanın hər bir üzvü respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, ümumi amallar naminə həyata keçirilən siyasətə dəstək verir. Kürdəmir rayon təşkilatının timsalında bu siyasi qurumun hər bir üzvü partiyanın yaradıcısı Heydər Əliyevin siyasi kursuna sadiq olduğunu və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşdiyini nümayiş etdirir.

Yeni binanın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm töhfələr verən bu partiyaya inam və etimad daha da artır və onun sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Səlcuq Elçin

Oxşar yazılar