Prezident İlham Əliyev yanvarın 21-də Göygöl şəhərinə səfər edib. APA-nın məlumatına görə, dövlət başçısı Göygöldə Bayraq Meydanı Kompleksinin, Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib.
Prezident əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib.
Bayraq Meydanı Kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyevə məlumat verildi ki, kompleksin tikintisinə 2012-ci ilin may ayında başlanılıb. Meydanda 50 metr yüksəkliyə qaldırılmış dövlət bayrağı rayonun hər yerindən aydın görünür. Kompleksdə geniş əraziyə malik gəzinti zolaqları yaradılıb.
Prezident İlham Əliyev “Azərbaycan dövlətinin rəmzləri muzeyi”ində də olub. Muzeydə Azərbaycanın müxtəlif dövrlərdəki gerbləri, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzaları və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Burada Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illər və 1991-ci ildəki xəritələri də var.
Prezident İlham Əliyev daha sonra Göygölə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısına məlumat verildi ki, bu xətlə Göygöl şəhəri ilə yanaşı, Toğana, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərinin əhalisi fasiləsiz olaraq təmiz içməli su ilə təmin ediləcək. Qurğunun potensial gücü əhalinin 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla 29 min nəfər şəhər əhalisinin saniyədə 72 litr və 10 min nəfər kənd əhalisinin saniyədə 18 litr su ilə fasiləsiz tam təmin olunmasına imkan verəcək.
Həmçinin bildirilib ki, hazırda layihənin icrasının üçüncü mərhələsi çərçivəsində gün ərzində 5500 kubmetr çirkab su təmizləmək gücünə malik qurğular kompleksinin tikintisində və texnoloji avadanlıqların quraşdırılması prosesində tamamlama işləri gedir. Kompleks bu ilin birinci rübündə istismara təhvil veriləcək.
Prezident İlham Əliyev şəhərə çəkilmiş yeni su xəttinin açılışını edib.
Prezident İlham Əliyev daha sonra Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısına yeni kompleks haqqında məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Göygöl Olimpiya İdman Kompleksinin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. Zallar ən müasir idman qurğuları ilə təchiz olunub. Burada müasir üzgüçülük hovuzu da tikilib. Kompleksdə güləş, universal idman, şahmat və boks zalları, məşqçilər üçün otaqlar, konfrans zalı və digər zəruri otaqlar mövcuddur. Müxtəlif idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitlə təchiz edilən universal idman zalı 780 tamaşaçı üçün nəzərdə tutulub. Beynəlxalq standartlara uyğun inşa edilən kotteclərdə istirahət üçün ən yüksək şərait yaradılıb.
Kompleksin açıq futbol stadionu da var. FİFA standartlarına cavab verən stadionun ətrafında yüngül atletika yarışları üçün qaçış zolağı salınıb. Stadionda 1300 tamaşaçı tutumu olan üstüörtülü tribuna tikilib.
Prezident İlham Əliyev daha sonra Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün akt və konfrans zalları yaradılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün burada rəsm, xalçaçılıq, tikiş dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin elektron kitabxana, fotostudiya, şahmat zalı, muğam otağı və 3D kinoteatrı da var.
Dövlət başçısı daha sonra Gənclər Mərkəzi ilə tanış olub. Buradakı internet–kafe, diskoteka və digər əyləncə növləri və stolüstü oyunlar gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Burada müxtəlif maraqlı tədbirlərin keçirilməsi üçün müasir zal da gənclərin ixtiyarına verilib.