“APA” – nın məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri ölkədə davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olunmasıdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir.
Son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikinti-quruculuq işləri geniş vüsət almışdır. “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəli dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratmışdır. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam etdirmək məqsədi ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin.
Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən tədbirlər görmək, İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.