"Azərbaycanda artıq səhiyyə sahəsində ən yüksək səviyyədə işlər görülür". APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılış mərasimində universitetin müəllim-tələbə kollektivi ilə görüşündə deyib.
Prezident qeyd edib ki, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının yaradılmasında məqsəd bu elm ocağında tədris prosesini daha yüksək səviyyəyə qaldırmaq və bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaqdır.
Ölkə başçısı mərkəzdəki şəraitdən, müasir avadanlıqla təmin edilməsindən razı qalıb.
Prezident qeyd edib ki, son illərdə Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilib: “Bu mərkəzlər ölkəmizin bütün bölgələrini əhatə edir. On beş şəhərdə diaqnostika mərkəzi yaradılıb. Bu gün demək olar ki, ölkəmizin hər bir yerində keyfiyyətli tibbi xidmət almaq üçün gözəl imkanlar var. Səhiyyənin maddi-texniki bazası möhkəmlənir, güclənir. Əminəm ki, yaxın bir-iki il ərzində artıq bütün şəhərlərimizdə ən gözəl klinikalar yaradılacaq”.
Prezident son iki həftə ərzində bir neçə şəhərdə də müasir xəstəxanaların açıldığını bildirib.
Ölkə başçısı tibbi xidmətin səviyyəsinin artırılmalı olduğunu, təcrübəli professor-müəllim heyətinin biliklərinin gənc nəsil tərəfindən mənimsənilməsinin vacibliyini qeyd edib. Prezident eyni zamanda gənc mütəxəssislərin dünyada səhiyyə sahəsindəki yeniliklərlə mütəmadi tanış olmasının zəruriliyini vurğulayıb: " Bunu etmək üçün burada imkanlar, kompüter otaqları var. Əminəm ki, müxtəlif ali məktəblərlə canlı bağlantı da yaradıla bilər. Əməliyyatların izlənməsi üçün gözəl şərait var".
Dünyada tibb elminin sürətlə inkişaf etdiyini bildirən ölkə başçısı bu gün vaxtilə müalicəsi mümkün olmayan bir çox xəstəliklərində vaxtında aşkarlandıqda müalicə edildiyini vurğulayıb: "Diaqnostika cihazları, o cümlədən burada quraşdırılan kompyuter tomoqrafları, MRİ, müasir rentgenlər imkan verir ki, istənilən xəstəlik ilkin mərhələdə aşkarlansın və düzgün diaqnoz qoyulsun. Artıq bu cihazların mövcudluğu düzgün diaqnozun qoyulmasında da mühüm bir addımdır və əlbəttə ki, müalicə də düzgün aparılmalıdır”.
Prezident dünyada bu sahədəki ən son yeniliklərin, ixtiraların Azərbaycanda tətbiq olunmasının vacibliyini vurğulayıb: "Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı şəxslər müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaq”.
Ölkə başçısı son illərdə səhiyyə sahəsində aparılan islahatların uğurlu olduğunu, lakin hələ çox iş görülməli olduğunu da qeyd edib: "Ancaq beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə Təşkilatının Avropa bölməsi Azərbaycanda gedən islahatları vurğulayıb”.
Prezident qeyd edib ki, insanların sağlamlığı dövlət üçün prioritet məsələdir: Mənim bölgələrə səfərlərim zamanı açılan xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan sağlamlığı qorunsun, keyfiyyətli müalicə almaq üçün imkan, şərait olsun. İndi bütün bölgələrdə və yaxın zamanlarda hər bir şəhərdə dializ mərkəzləri fəaliyyətə başlayacaq. Vaxtilə xəstələr 100 kilometrlərlə məsafəni qət etməli olurdular, böyük şəhərlərdə müalicə alırdılar. İndi hər bir bölgədə, təxminən hər bir şəhərdə müasir dializ mərkəzləri var".
Prezident son statistik göstəriilərə istinadən Azərbaycanda insanların uzun ömürlülük göstəricisinin artdığını, uşaq ölümünün azaldığını da vurğulayıb: " Bu, səhiyyənin səviyyəsini göstərən əsas amillərdən biridir”.