Oktyabrın 31-də azərbaycanlı zabit Vəli bəy Yadigarın doğum günü ilə əlaqədar Azərbaycan Respublikasının Polşadakı səfirliyinin əməkdaşları, Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova və cəmiyyətin üzvləri Varşavanın müsəlman qəbiristanlığında dəfn edilmiş Azərbaycan hərbçisi, Polşa Ordusunun polkovniki Vəli bəy Yadigarın, podpolkovnik İsrafil bəy Yadigarın və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ədliyyə və xarici işlər nazirliklərində çalışmış krıçinskilər ailəsinə mənsub qəbirləri ziyarət edib, məzarların üstünə əklillər qoyulub.
Lent.az-a verilən məlumata görə, Vəli bəy Yadigar 1918-1921-ci illərdə Azərbaycan Milli Ordusunda və 1922-ci ildən Polşa Milli Ordusunda zabit rütbəsində xidmət edib. Azərbaycanın görkəmli hərbçisi Vəli bəy Yadigar Polşanın ağır günlərində göstərdiyi şücaətə görə Polşada polkovnik rütbəsinə layiq görülüb. Hitler Almaniyası Polşanı zəbt edərkən gizli hərbi müqavimət briqadası yaradaraq, faşistlərə qarşı vuruşub.
Bildirilib ki, Vəli bəy Yadigar 1945-ci ildə İtaliyadan Britaniyaya və daha sonra 1949-cu ildə Argentinaya mühacirət edib.
V. Yadigar 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib.Vəsiyyətinə əsasən cənazəsi 1990-cı ildə Polşaya gətirilərək, müsəlman ənənəsi və hərbi protokol qaydaları ilə yenidən dəfn edilib. Vəli bəy Yadigarın vəsiyyətinə əsasən onun məzarının üstündə milliyyətçə azərbaycanlı olduğu qeyd olunub.
Azərbaycanlı hərbçi İsrafil bəy Yadigar da Polşa ordusunda xidmət edib. Belə ki, İ. Yadigar Polşa Ordusunun 29-cu piyada diviziyasında mayor rütbəsi, daha sonra isə 11-ci süvari polkunda podpolkovnik rütbəsi ilə xidmət göstərib.
Görkəmli hərbçilərin göstərdikləri şücaətlər qeyd edilmiş, onların Azərbaycanın adını ucaldan insanlar olduqları bildirilmişdir. Qeyd edilb ki, 2013-cü il iyunun 23-də Vəli bəy Yadigarın 1939-cu ildə tədris və ixtisasartırma bölməsinin direktoru vəzifəsində fəaliyyət göstərdiyi Qrudzyonts şəhərində yerləşən Ali Suvari Məktəbində xatirə lövhəsinin açılışı olub.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda böyük xidmətləri keçmiş Krıçinskilərin də xatirəsi yad edilib. Bildirilib ki, 1918-1920-ci illərdə Olqierd Krıçinski Azərbaycan Demokratik Respublikasının ədliyyə nazirinin müavini və Leon Krıçinski xarici işlər naziri müavini vəzifələrində çalışıblar. Krıçinski qardaşlarına Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında verdikləri töhfəyə görə 2013-cü il mayın 26-da Qdansk şəhərində xatirə lövhəsinin açılışı olub.