Son vaxtlar ölkə əhalisinin internet üzərindən alış-verişə olan marağının xeyli dərəcədə yüksəlməsi elektron ticarət əsasında ölkəyə daxil olan beynəlxalq poçt göndərişlərinin həcminin artması ilə nəticələnib. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Sözügedən həcmin artım tendensiyası, e-ticarətə müraciət edənlərin sayının sürətlə çoxalması ölkə rəhbərliyinin diqqətini cəlb edib və bu sahədə vətəndaşların rahatlığının təmin edilməsi və maddi maraqlarının qorunması istiqamətində Azərbaycan hökuməti tərəfindən mühüm addım atılıb. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları” təsdiq edilib.
Bu qərardan sonra isə vətəndaşlar alış-veriş zamanı elektron ticarətə üstünlük verəcək, bu da öz növbəsində poçt göndərişlərinin həcminin daha da artmasına təsir edəcək.
Bununla yanaşı, yeni qaydalar vətəndaşlara şəxsi istifadəsi üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq.
Qeyd olunmalıdır ki, bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də “Azərpoçt” MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir. Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə “Azərpoçt” MMC-də yeni “SMS-bildiriş” xidmətinin tətbiqinə başlanılıb.
Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq “SMS-bildiriş” göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.
Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib.