Peşə məktəblərini bitirən məzunların işlə təminatı məsələsində yeniliklər tətbiq olunacaq. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, hazırda Təhsil Nazirliyi tərəfindən əmək qanunvericiliyinə müvafiq düzəlişlərin həyata keçirilməsi ilə əlaqədar olaraq təkliflər paketi hazırlanır və bunlar hazır olduqdan sonra hökumətə təqdim ediləcək. Nazirlik rəsmisi qeyd edib ki, bu proseslərə sosial partnyorlar daha çox cəlb ediləcək: “Çünki bizim fikrimizcə, işəgötürən təşkilatlar kadr hazırlığı prosesinin mərkəzində olsalar daha yaxşı nəticə əldə olunar. Bununla tərəfdaşlar öz ehtiyaclarını daha asan şəkildə müəyyən etmək imkanı əldə edəcəklər. Biz çalışacağıq ki, bu yolla peşə təhsili müəssisəsini bitirənlərin işlə təmin edilməsini gücləndirək”.
N. Məmmədov qeyd edib ki, peşə təhsili müəssisələrinin nəzdində qısamüddətli kurslar yaradılacaq. Onun sözlərinə görə, bu kurslar vasitəsilə qısa müddət ərzində iş tapmaq istəyən, işləməyən vətəndaşların işlə təmin olunması mümkün olacaq. Şöbə müdiri vurğulayıb ki, yeniliklər çərçivəsində məzunların işlə təmin olunması istiqamətində həm dövlət qurumları ilə birgə addımlar atılacaq, həm mövcud normativ hüquqi bazanın yeniləşdirilməsi aparılacaq, həm də işəgötürən təşkilatların bu işdə iştirakı sürətləndiriləcək.
Peşə məktəblərinin məzunlarının işlə təminatında yeniliklər olacaq
759