Azərbaycanda pensiyaların məbləğinin 15-20% artırılması nəzərdə tutulub.
APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov jurnalistlərə açıqlamasında deyib.
V.Əhmədov qeyd edib ki, pensiya və maaşların artırılması ilə bağlı iyul-avqust aylarında qərar veriləcək: «Çünki biz dövlət büdcəsini təsdiq edəndə həm pensiyaların artırılması, həm də həkimlərin, müəllimlərin, büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarının artırılmasına əlavələr nəzərdə tutmuşuq. Yəqin ki, dövlət başçısı müvafiq olaraq iyul-avqust aylarında bu məsələlərə baxacaq və maaşlar artırılacaq».
Millət vəkili bildirib ki, pensiyaların 15-20% artırılması nəzərdə tutulur: «Məndə olan məlumata görə, pensiyalar 15-20% artmalıdır. Hazırda dünyada gedən qlobal maliyyə böhranı şəraitində Azərbaycanın uğurlu iqtisadi inkişafı həm pensiyaların, həm də maaşların artırılmasına imkan yaradır».