APA-nın Penitensiar xidmətin saytına istinadən verdiyi məlumata görə, Penitensiar xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov bildirib ki, son günlər ərzində bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın saxlanma şəraiti barədə növbəti dəfə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır.
“Ədliyyə Nazirliyinin Penitensiar xidməti təqsirləndirilən şəxs Leyla Yunusovanın guya müəssisə əməkdaşlarından biri tərəfindən döyülməsi ilə bağlı məlumata cavab olaraq bildirir ki, həmin xəbər tamamilə əsassızdır. Həqiqəti əks etdirməyən və ictimai fikrin çaşdırılmasına yönəldilmiş bu cür xəbərlərə son qoymaq məqsədi ilə Penitensiar xidmət rəhbərliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına araşdırma aparılması barədə müraciət edilib. Bu məqsədlə təcridxananın dəhlizlərində quraşdırılmış videokameralar tərəfindən qeydə alınan görüntülər prokurorluq orqanına təqdim olunacaq.
Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda qeyd olunan Penitensiar xidmətin əməkdaşı Fəqan Yaqubovun guya təqsirləndirilən şəxs Leyla Yunusovaya fiziki təzyiq göstərməsi ilə bağlı məqama gəlincə, həmin şəxsin ünvanına səsləndirilən ittihamlar tamamilə əsassızdır. Fəqan Yaqubov və eləcə də Penitensiar xidmətin digər əməkdaşları məhkum və təqsirləndirilən şəxslərlə davranış qaydalarını bilir və onlara tam riayət edirlər”.
Y. İsakov qeyd edin ki, təqsirləndirilən şəxs Leyla Yunusovanın vəkillərinin yaydığı bəyanatda həqiqəti əks etdirməyən başqa məqamlar da yer alıb: “Belə ki, bəyanatda bildirilir ki, 24 sentyabr 2014-cü ildə müdafiəçilərindən vəkil Fariz Namazlı və Cavad Cavadov növbəti dəfə Leyla Yunusun yanına gediblər. Penitensiar xidmət bildirir ki, həmin tarixdə təqsirləndirilən şəxs Leyla Yunusovanı vəkillərdən yalnız biri – Cavad Cavadov qəbul edib.
Bəyanatda qeyd olunan digər əsassız ittihamlara - guya son günlər havalar soyuq keçdiyindən və isti su olmadığından Leyla Yunusovanın soyuq su ilə çimməli olmasına, bunun nəticəsində bərk soyuqlamasına, temperaturunun yüksəlməsinə və həkimlərin onu qəbul etməmələrinə gəlincə, Penitensiar xidmət bildirir ki, Bakı İstintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş korpusu həftədə 3 dəfə 4 saat ərzində isti su ilə təchiz edilir. Təqsirləndirilən şəxs Leyla Yunusovanın isti susuz qaldığını iddia etdiyi gün də o, qrafikə uyğun olaraq saat 10:00-dan 14:00-dək isti su ilə təmin olunub.
Təqsirləndirilən şəxs Leyla Yunusovanın soyuqladığı və həkimin onu qəbul etməməsi barədə deyilən fikirlər də qərəzlidir. Penitensiar xidmət səsləndirilən ittihamlara cavab olaraq bildirir ki, 19-24 tarixləri aralığında təqsirləndirilən şəxs Leyla Yunusova 4 dəfə həkim nəzarətində olub və qeydiyyat jurnalında bunu şəxsən öz imzası ilə təsdiqləyib. Penitensiar xidmətin tibb mütəxəssisləri tərəfindən müayinə olunan Leyla Yunusovanın temperaturunun yüksəlməsi öz təsdiqini tapmayıb.
Vəkillərin həmin gün təqsirləndirilən şəxsin kamerasında yoxlanışın aparılmasını “qanunsuzluq” kimi qiymətləndirmələrinə gəlincə, Penitensiar xidmət bildirir ki, kameralarda yoxlanışın aparılması təqsirləndirilən şəxslərin səhhətindən asılı deyil. Həmin gün Bakı İstintaq təcridxanasının rəhbərliyi tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq təkcə Leyla Yunusovanın deyil, bütün təqsirləndirilən şəxslərin saxlandığı kameralarda yoxlama aparılıb.
Bakı İstintaq təcridxanasının əməkdaşları təqsirləndirilən şəxs Leyla Yunusovanın bu cür provokasiya xarakterli iddiaları ilə mütəmadi olaraq qarşılaşır və buna soyuqqanlıqla yanaşırlar. Penitensiar xidmət bir daha bildirir ki, belə əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayılır”.