2013-cü ildə Bakıda və Abşeron yarımadasında 919 çoxmənzilli binanın daxili su şəbəkələrinin yenidən qurulmasına başlanılıb. Bu barədə Lent.az-a “Azərsu”dan məlumat verilib. Layihəyə uyğun olaraq həmin binalarda uzun müddətdir istismarda olan metal borulardan ibarət xətlər polietilen borularla əvəzlənir. Binaların zirzəmilərində yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır.
İl ərzində binaların daxili su təchizatı sistemlərinin yaxşılaşdırılması məqsədi ilə ümumi uzunluğu 105 km olan su xətləri çəkilib. Layihəyə uyğun olaraq hər bir abunəçi ön ödənişli smart-kart sayğacla təmin olunur və indiyə qədər həmin binalarda 70 min ədəd sayğac quraşdırılıb.
Görülmüş işlər nəticəsində həmin binalarda 280 minə qədər sakinin içməli su təchizatı yaxşılaşıb. Yanğından mühafizəni asanlaşdırmaq üçün hər bir binanın qarşısında yanğın hidrantları quraşdırılıb.