Oxuyaydım: "Çoban, qaytar quzunu" - Savalan dağının ətəyindən XÜSUSİ REPORTAJ
11 iyun 2014 19:31 (UTC +04:00)

Oxuyaydım: "Çoban, qaytar quzunu" - Savalan dağının ətəyindən XÜSUSİ REPORTAJ

Savalan dağının ətəyi. Meşkinşəhr. Ərdəbil vilayətinə səfərimiz çərçivəsində növbəti dayanma nöqtəmiz dağın ətəyində yerləşən obadır. Eyni dildə danışdığımız, eyni qanı daşıdığımız insanların qonaqpərvərliyi hər yerdə bizi xeyli təsirləndirmişdi. Bu səbəbdən obaya gedəcəyimiz xəbəri bizi ikiqat sevindirdi. Kəndin adı da doğmadır – Güllübulaq. Uzaqdan alaçıqlar görünür. Obada bizi ilk olaraq nehrə çalxalayan ağzı yaşmaqlı Əfruz nənə qarşıladı. Gördüyümüz obanın ilk sakini. Ondan nehrə çalxalamağın sirlərini soruşuram. Deyir ki, nehrəyə 10 kilo qatıq, 10 litr də su tökürlər. Çalxalandıqdan sonra kərə yağ alınır, ayranını isə çürüdüb şor edirlər. Əfruz nənə nehrəyə öz övladı kimi baxır, onunla danışır, hərdən nehrəsinin boyunu belə oxşayır.


“Yağı mərmər daşıycan,
ayranı göz yaşıycan”...

Uzaqdan itlərin hürüşməsi eşidilir. Əfruz nənənin yanından ayrılırıq. Hər kəs motosikletli bir gəncin itləri cırnatmasına bir xeyli güldükdən sonra heyvanların saxlandığı yerə yollanırıq.

Örüş boyu qoyun sürüləri yayılıb. Obada təkcə yeni doğulmuş keçi balaları qalıb. Ağayilər ailəsinin oğlu onlara nəzarət edir. Çəpərin o tayından onunla bir az söhbətləşirik. Qaldıqları yerə, yəni Güllübulaq adlanan bu obaya 20 gün əvvəl gəliblər. Bura əslində onların yazlığıdır. Yaylaq üçün isə bir az yuxarı - Sərdabə adlı yerə qalxacaqlar. Ondan sürüdə nə qədər heyvanın olduğunu soruşduq. Dəqiq rəqəmi bilmir, amma təkcə özlərinə məxsus heyvanların sayının bir neçə min olduğunu deyir.

Ərdəbil vilayətində olduğumuz müddətdə diqqətimizi daha bir məqam çəkdi. Hara gedirdiksə, bizi ayaqüstü də olsa mütləq çaya qonaq edirdilər. Hər yerdə qonaqlara çay paylayırlar. Eynilə bizdəki kimi. Bir də, bu yerlərin adətidir – hər evdə xüsusi olaraq qonaqlar üçün ayran saxlayırlar, qapıya gələn hər kəsi sorğu-sualsız birinci mütləq ayrana qonaq edirlər. Hər evdə hazır sərin ayran olur. Biz də təklif edilən çaydan və ayrandan imtina etmədik.

Ağayi ailəsinin 3 alaçığı var. Birində yatırlar, digərində yemək yeyirlər. Bir alaçıqda isə ərzaqlarını saxlayırlar. Daha sonra hər kəs alaçıqlara çəkilir. Yerli mentalitetə uyğun olaraq məni kişilərin alaçığına buraxmadılar. Əvəzində obanın kişi sakinləri ilə alaçıq söhbətini operatorumuz Xəyal Şükürlü apardı.

Fərşad Ağayi ailənin bayaq da çöldə ayaqüstü söhbət etdiyimiz 7 oğlundan biridir. O, hələ dədə-babadan bu işlə məşğul olduqlarını deyir. Çobanlıq Ağayi ailəsinin demək olar ki, ailə məsləyidir. Südü, qaymağını satırlar, pis dolanmırlar. Hər ehtiyaclarını ödəyə bilirlər. Bir neçə ev də alıblar. Ailə payız və qış aylarında Ərdəbil şəhər mərkəzindəki evlərində yaşayır. Çöl həyatları isə yazdan payıza kimi davam edir.

Fərşad deyir ki, sürünün canı çobanın yuxusundadır. Əbəs yerə demirlər ki, çoban yatmır. Fərşad da bu fikirlə razıdır: “Yatdınsa, gecə canavar gəlib qıracaq. Gərək güdəsən. Ya da sel gəlib apara bilər. Gərək qoymayasan ki, dərədə qala”.

Fərşad deyir ki, canavar sürüyə ziyan versə də, çoban silaha əl atmamağa çalışır: “Silahımız var. Amma vurmarıq. Elə çalışarıq ki, itlə qovaq”.

Fərşad daha bir el məsəlinin - "çobanın yaxşı səsi olur" fikrinin əbəs yerə deyilmədiyini isbatladı. Sürünü örüşə apararkən tez-tez oxuduğu, sözləri Səməd Vurğuna məxsus mahnını məxsusi olaraq bizlər üçün oxudu.

Bu arada məni ailənin qadın üzvlərinin olduğu alaçığa göndərirlər. Əfruz nənə iki qızı ilə alaçıqda oturub. İçəri keçəndə əzizlərini görürmüş kimi çox sevindilər. Azərbaycanı çox sevdiklərini deyirlər. Bu sözü Ərdəbildə hamı deyir, bunu bizə rəftarlarından da görmək mümkündür.

Qızlarla söhbət edir, qeybətləşirik. Məlum olur ki, Ağayi ailəsinin 13 övladı var: 6 qız, 7 oğlan. Qızların üçü ailə həyatı qurub. Oğlanlardan böyüyünün 52 yaşı var, amma hələ evlənməyib. O biri qardaşlar da ona ehtiram olaraq evlənmirlər. Ailə ciddi cəhd göstərərək böyük oğlanı evləndirməyə çalışsalar da, ona qız bəyəndirə bilmirlər, ya da bəyəndiyi qız Ağayi ailəsinin həyat tərzini bəyənmir. Evdəki qızlar oxuya bilmirlər, təhsilləri yoxdur. Bir şey oxumaq lazım olanda mədrəsədə təhsil almış böyük qardaşlarını köməyə çağırırlar. Azərbaycandan bir dostlarının olmasını çox arzulayırmışlar, məndən telefon nömrəmi istədilər. Çox qanışirin, səmimi insanlardır, İrandan cəmi bir neçə gündür qayıtmışıq, amma obadakı qız dostlarım artıq zəng vurub hal-əhval tutublar. Əsl azərbaycanlıdırlar, bizlərin unutduğu həyat tərzini davam etdirən, alaçıqda yaşayan, öz kimliklərini qoruyan soydaşlarımız.

 

# 607
avatar

Oxşar yazılar