2013-cü ildə Azərbaycanda daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb.
Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm, qan dövranı sisteminin yoluxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.
Azərbaycanda ölənlərin ümumi sayına nisbətən ötən il qan dövranı sistemi xəstəliklərindən ölənlər 63,2 faiz, yeni törəmələrdən 11,8 faiz, həzm sistemi xəstəliklərindən 5,2 faiz, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 4,8 faiz, tənəffüs orqanları xəstəliklərindən 2,7 faiz, infeksion və parazitar xəstəliklərdən 1,2 faiz, digər səbəblərdən isə 11,1 faiz təşkil edib.
Ümumiyyətlə, ölkədə ölənlərin sayı əhalinin hər min nəfərinə hesabı ilə 2012-ci ilə nisbətən 2013-cü ildə 6,0-dan 5,8-ə qədər azalıb.
Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qara yara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı 2,3 faiz azalıb.
Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.