“Böyük şəhərlərdən və kənd rayonlarından olan abituriyentlərin istəklərində oxşar cəhətlər olsa da, bilikləri fərqlidir. Bu fərq ən çox ingilis dili fənninə verilən cavablarda özünü göstərir”. Lent.az-ın məlumatına görə bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, respublikanın böyük şəhərlərindən və kənd rayonlarından olan abituriyentlərin ayrı-ayrı ixtisas qruplarına meylləri və fənlər üzrə test suallarına cavab vermə göstəricilərinin hər biri ayrılıqda araşdırılıb: “Nəticələrə əsasən, demək olar ki, hər iki kontingentin ixtisas qruplarına olan istək və meylləri arasında fərq yox dərəcəsindədir. Həm böyük şəhərlərin, həm də kənd rayonlarının oğlan abituriyentləri riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentləri isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verirlər. Hər iki kontingentdən olan abituriyentlərin imtahan fənləri üzrə test tapşırıqlarına cavablarında isə ciddi fərq vardır. Böyük şəhərlərdən olan abituriyentlərin hazırlıq səviyyəsi kənd rayonlarından olan abituriyentlərin hazırlıq səviyyəsindən yüksəkdir. Bu üstünlük özünü, ənənəvi olaraq, daha çox ingilis dili, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ana dili və ədəbiyyat fənləri üzrə hazırlıqda
göstərir”.
Komissiya sədrinin sözlərinə görə, fizika fənnindən başqa digər fənlər üzrə şəhərlərdən olan abituriyentlərin səviyyəsi üstündür. “Bu, şübhəsiz, şəhər məktəblərinin maddi-texniki bazasının, təlim-tədris texnologiyasının, informasiya təminatının kənd məktəbləri ilə müqayisədə xeyli üstün olması və digər obyektiv amillərlə bağlıdır. Ümid edirik ki, son illər dövlət xətti ilə və, xüsusilə, Heydər Əliyev Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində, əsasən də kənd rayonlarında müasir standartlara cavab verən məktəblərin inşa edilməsi, onların maddi-texniki bazasının və müəllim potensialının gücləndirilməsi şəhər və rayon abituriyentlərinin bilikləri arasındakı fərqin azalmasına təkan verəcək”.
M. Abbaszadə onu da vurğulayıb ki, ötən il işğal altında olan rayonlarımızdan ali təhsil müəssisələrinə sənəd verən 9249 abituriyentdən 3160 nəfəri tələbə adı qazanıb. “Məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb”.